Füzuli dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir.

Azərbaycanın hər bir guşəsi xalqımız üçün müqəddəsdir.
Lakin elə şəhərlər var ki, onların adı çəkiləndə insanın qəlbi daha möhkəm
döyünür, yaddaşında tarix, gözündə isə gələcək canlanır. Füzuli şəhəri də məhz
belə müqəddəs ünvanlardan biridir. Bu gün Füzuli şəhər günü təkcə bir coğrafi məkana
həsr olunmur, həm də xalqımızın iradəsinə, milli birliyinə, əyilməzliyinə və Zəfərinə
həsr olunan gün kimi tarixə yazılır. Füzuli uzun illər işğal altında qaldı.
Onun ərazisi tamamilə viran qoyuldu, tarixi abidələri dağıdıldı, kəndləri yerlə-yeksan
edildi. Düşmən bu torpağı yalnız xarabalığa çevirməklə kifayətlənmədi, həm də
xalqımızın yaddaşından silmək istədi. Amma unuduldu ki, Füzuli adı yalnız bölgənin
adı deyil, həm də Azərbaycan poeziyasının, ədəbiyyatının, mənəviyyatının
adıdır. Bu adı xalqımızın qəlbindən heç kim silə bilməzdi.
2020-ci ilin 17 oktyabrında Azərbaycan Ordusunun şanlı
Zəfəri ilə Füzuli işğaldan azad olundu. Bu xəbər yayılanda xalqımızın sevinci
yerə-göyə sıxmadı. Gözlərdən sevinc yaşları axdı. Çünki bu qələbə təkcə hərbi qələbə
deyildi. Bu, ədalətin bərpası, milli ləyaqətin təntənəsi, tarixin dönüş nöqtəsi
idi. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Füzuli rayonunun azad
olunması xüsusi strateji əhəmiyyətə malik idi. Bu qələbə Şuşaya yol açdı.”
Füzuli həm coğrafi, həm də mənəvi baxımdan Qarabağın
qapısıdır. Şuşaya gedən yol məhz buradan keçir. Buna görə də Füzulinin azad
olunması Azərbaycan tarixi üçün həlledici hadisə idi. Bu gün Füzuli şəhəri
yalnız bir yaşayış məskəni deyil, həm də Qarabağa qayıdışımızın rəmzi, Zəfər
yolunun başlanğıcıdır.
Füzuli azad olunduqdan sonra cənab Prezident İlham
Əliyevin bu torpaqlara dəfələrlə səfərləri xalqın qəlbində yeni ümidlər oyatdı.
Dövlət başçısının birinci səfəri zamanı dağıntıların içində dayandığı anlar
bütün Azərbaycan xalqının yaddaşına həkk olundu. O, işğalın törətdiyi fəlakəti
göz önünə gətirməklə yanaşı, həm də dirçəlişin yol xəritəsini bəyan etdi.
Sonrakı illərdə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident
Mehriban Əliyeva Füzuliyə dəfələrlə səfər edərək yeni yolların, məktəblərin, xəstəxanaların,
“Ağıllı kənd” layihələrinin, o cümlədən Füzuli Beynəlxalq Hava Limanının
açılışını həyata keçirdilər. Cənab Prezidentin “Burada həyat bərpa olunacaq,
insanlar öz doğma yurdlarına qayıdacaq və Füzuli ən gözəl şəhərlərimizdən birinə
çevriləcəkdir” sözləri artıq reallığa çevrilməkdədir.
Cənab Prezident İlham Əliyevin hər səfəri həm dövlətin
gücünü, həm də xalqın iradəsini nümayiş etdirdi və Füzulinin dirçəlişinə verilən
yüksək diqqətin təntənəsinə çevrildi. İşğaldan sonra Füzuli sanki kül içindən
yenidən doğan şəhərə çevrildi. Burada “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri
həyata keçirilir, müasir yollar, məktəblər, xəstəxanalar, parklar salınır.
Füzuli Beynəlxalq Hava Limanının tikilməsi isə bu şəhərin gələcəyini bir daha təsdiqlədi.
Çünki bu hava limanı yalnız infrastruktur layihəsi deyil, həm də dünyaya açılan
Zəfər qapısıdır. Bu gün Füzuli küçələrində yenidən həyat qaynayır. Əziz ana
torpağa qayıdan insanlar öz doğma ocaqlarını qurur, uşaqlar məktəb yollarına
çıxır, yeni ailələr öz ocaqlarını yandırır. Bu mənzərə təkcə bir şəhərin deyil,
bütün Azərbaycan xalqının gələcəyə olan inamının simvoludur.
Füzuli şəhər günü bizim üçün sadəcə təqvimdə bir tarix
deyil. Bu günün mahiyyəti daha dərindir. Bu, torpağa sahib çıxmağın, onu
qorumağın və dirçəltməyin bayramıdır. Bu gün bütün azərbaycanlılar bir daha
anlayır ki, biz bir olduqca, birlikdə olduqca qalibik, güclüyük.
Füzuli adı bu gün Azərbaycan xalqının qürur yeri, dirəniş
nümunəsi, milli kimliyimizin mühüm sütunlarından biridir. Onun adı çəkiləndə hər
kəsin gözləri parlayır, ürəyi döyünür, çünki bu ad xalqımızın mübarizliyinin
canlı ifadəsidir. Füzuli bu gün qayıdışın şəhəri, qürurun şəhəri, Zəfərin
simvolu kimi inkişaf edir, yaşayır. Onun hər daşı, hər küçəsi, hər ağacı sanki
bir mesaj verir: “Azərbaycan qalib gəldi, Azərbaycan əbədi qalacaq!” Füzuli şəhər
günü hər bir azərbaycanlıya bir daha xatırladır ki, biz torpağımıza qayıtdıq, ədaləti
bərpa etdik və indi bu torpaqlarda gələcək nəsillər üçün xoşbəxt, firavan həyat
qururuq.
Şahin Mənəfov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının
sədri
Neftçala Rayon Statistika İdarəsinin rəisi
Digər xəbərlər



