Zəngilan – Azərbaycanın yenidən doğulan sərhəd qalası

2025-10-20 Baxış: 5
img

Zəngilanın adı tariximizin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. 2020-ci ilin 20 oktyabrında Azərbaycan Ordusunun igidliyi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi nəticəsində Zəngilan işğaldan azad olundu. Bu zəfərlə Azərbaycan–İran sərhəd xətti tam bərpa edildi və ölkəmizin ərazi bütövlüyü təmin olundu.

Bu tarixi hadisə Zəngilanı təkcə azad edilmiş bir rayon kimi deyil, həm də yenidənqurma və dirçəlişin rəmzi kimi ön plana çıxardı.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Bu medal vətən torpağının azadlığı uğrunda döyüşmüş qəhrəman əsgər və zabitlərimizə, həmçinin xalqımızın birliyinə verilən yüksək qiymətin təcəssümüdür.

Zəngilan rayonunda salınan Ağalı ağıllı kəndi dünyanın ən müasir yaşayış məkanlarından biri kimi tanınır. Günəş enerjisi ilə işləyən sistemlər, ekoloji təmiz nəqliyyat, ağıllı idarəetmə infrastrukturu və yaşıl iqtisadiyyat prinsiplərinə əsaslanan quruluşu ilə Ağalı kəndi “Yaşıl Azərbaycan” konsepsiyasının parlaq nümunəsidir.

Zəngilanda bu gün genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Zəngilan şəhərinin yeni yaşayış komplekslərinin, məktəblərin, uşaq bağçalarının, dini məbədlərin və sosial infrastrukturun təməli qoyulub. Rayonun siması dəyişir, torpaqlarımıza həyat qayıdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilana səfərləri bu torpaqlarda yeni mərhələnin başlanğıcını göstərir:

19 oktyabr 2022-ci il – Ağalı məktəbində müəllim və şagirdlərlə görüş, Zəngilan Beynəlxalq Hava Limanının açılışı, Su Elektrik Stansiyasının istifadəyə verilməsi;

4 may 2023-cü il – inzibati binanın təməlqoyma mərasimi;

28 sentyabr 2023-cü il – Konqres Mərkəzinin və “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışları, bir neçə yaşayış kompleksinin və uşaq bağçasının təməli.

Bu səfərlər dövlət başçısının Zəngilanı gələcəyin müasir şəhərinə çevirmək əzmini əyani şəkildə nümayiş etdirir.

Bu gün Zəngilan azad, abad və yenidən doğulan bir diyardır. Burada qurulan hər bina, salınan hər yol, tikilən hər məktəb Azərbaycanın suverenliyinin, xalqımızın səbrinin və mübarizliyinin təntənəsidir.

20 oktyabr – Zəngilan şəhəri günü – azadlığın, qürurun və quruculuğun rəmzidir.

Bu gün hər bir azərbaycanlı fəxrlə deyir:

Zəngilan azaddır, Zəngilan yaşayır, Zəngilan gələcəyə inamla addımlayır!

 

            Aytən İmanova,

            YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.