20 oktyabr - Zəngilan şəhəri günü.

Ermənistanın
hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi
torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad
olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə
yazılıb. Vətən müharibəsinin 24-cü günü – 2020-ci il oktyabrın 20-si hərb
tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad
edildiyi gün kimi həkk olunub. Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də
imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 20 oktyabr
tarixi Zəngilan Şəhəri Günü kimi qeyd olunur. Sərəncam işğaldan azad edilmiş şəhər
günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək
məqsədi daşıyır. Xatırladaq ki, Zəngilan rayonu Ermənistan və ona dəstək verən
dövlətlər tərəfindən 1993-cü il oktyabrın 29-da işğal olunub. İyirmi yeddi
illik işğal dövründə erməni cinayətlərinə şahidlik edən rayon tamamilə
dağıdılıb, zəngin təbii ehtiyatlarını ermənilər talayaraq xarici ölkələrə
daşıyıb.
İran
və Ermənistanla həmsərhəd olan Zəngilan strateji cəhətdən vacib əhəmiyyət kəsb
edir. Rayon rəşadətli Ordumuz tərəfindən işğaldan azad edildikdən sonra Azərbaycanın
Zəngəzur bölgəsinə nəzarət imkanları yaranıb. Bu da gələcək perspektivlər
baxımından önəmlidir.
Azərbaycan
44 günlük Vətən müharibəsi yekunlaşdıqdan dərhal sonra düşmən tapdağından xilas
edilən ərazilərdə sürətli şəkildə yenidənqurma işlərinə başlayıb. Strateji əhəmiyyətə
malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna
daxil olan Zəngilanda tikilən Beynəlxalq Hava Limanının 2022-ci il oktyabrın
20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın iştirakı ilə açılış mərasimi olub. Bu Hava limanı Qarabağın mühüm nəqliyyat
qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Azad olunan ərazilərdə
hazırda bərpa-quruculuq işlərinin aparılması sakinləri sevindirir. Artıq Zəngilanda
bir çox yenidənqurma işləri görülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin tapşırığı ilə Zəngilanın “Ağıllı kənd”ində müasir, yeni evlər inşa
olunub. Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Keçmiş məcburi
köçkünlərin öz yurd-yuvalarına qayıdışını, həyata keçirilən infrastruktur layihələrini
görəndə hər birimizdə qürur hissi yaradır.
Rəşad İsmayılov,
YAP Hacıqabul rayon təşkilatının
mühasibi.
Digər xəbərlər



