Türk dünyasında etibarlı strateji tərəfdaşlıq.

2025-10-21 Baxış: 42
img

 

18 oktyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın nüfuzlu “Kazinform” informasiya agentliyinə geniş müsahibə verib. Dövlət başçısı müsahibədə Azərbaycan-Qazaxıstan münasibətləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, yaşıl enerji perspektivləri, həmçinin türk dünyasında inteqrasiya məsələləri barədə dolğun və prinsipial fikirlər səsləndirib.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir və bu münasibətlər qarşılıqlı etimad, dostluq və ortaq dəyərlərə əsaslanır:

“Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.”

O, iki xalq arasında tarixi qardaşlığın, ortaq türk kimliyinin və mənəvi yaxınlığın bu münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb:

“…xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.”

Prezidentin fikrincə, Azərbaycan-Qazaxıstan əlaqələri təkcə coğrafi yaxınlıqla deyil, həm də türk dünyasının birliyi ideyası ilə möhkəmlənir. Onun sözlərinə görə, bu münasibətlər türk dövlətləri arasında əməkdaşlıq modelinə çevrilib və regionda sabitliyin, qarşılıqlı inkişafın əsas sütunlarından biridir.

İlham Əliyev müsahibədə iqtisadi əməkdaşlıq göstəricilərinə də toxunub:

“Azərbaycanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 225 milyon dollara, Qazaxıstanın Azərbaycana yatırdığı sərmayələr isə 136 milyon dollara çatıb.”

Bu rəqəmlər iki ölkə arasında uzunmüddətli və dayanıqlı iqtisadi tərəfdaşlığın möhkəmlənməsindən xəbər verir. Prezident vurğulayıb ki, nəqliyyat-logistika, enerji və bərpaolunan enerji sahələrində qarşılıqlı fəaliyyət gələcək illərdə prioritet istiqamətlərdən biri olacaq.

İlham Əliyev Qazaxıstanla Avrasiya nəqliyyat dəhlizləri vasitəsilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan üzərindən keçən beynəlxalq tranzit marşrutlarının potensialının artırılmasının vacibliyini qeyd edib. O, xüsusilə yaşıl enerji sahəsində birgə layihələrin inkişaf etdirilməsini strateji hədəf kimi səciyyələndirib:

“Yaşıl enerji sahəsində birgə işin perspektivləri genişdir. Bu, gələcək əməkdaşlığımızın mühüm istiqamətlərindən biri olacaq.”

Müsahibəni şərh edən ekspertlər bildiriblər ki, bu açıqlamalar Prezident İlham Əliyevin türk dünyasında inteqrasiya, iqtisadi dayanıqlıq və ekoloji təhlükəsizliyə əsaslanan yeni diplomatik kursunun davamı kimi qiymətləndirilə bilər. Qeyd olunur ki, Azərbaycan və Qazaxıstan arasında formalaşmış qarşılıqlı etimad modeli digər türk dövlətləri üçün də nümunə təşkil edir.

Dövlət başçısı qarşıdakı səfərinə dair gözləntilərini də ifadə edib. O, bildirib ki, səfər çərçivəsində əməkdaşlığın müxtəlif istiqamətlərdə yeni mərhələyə keçməsi, hüquqi baza və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi planlaşdırılır.

Ümumilikdə, Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi göstərir ki, Azərbaycan və Qazaxıstan münasibətləri artıq ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq türk dünyasında birliyin, regional inteqrasiyanın və dayanıqlı inkişafın strateji nümunəsinə çevrilib. Dövlət başçısının səsləndirdiyi fikirlər türk coğrafiyasında həm siyasi, həm də iqtisadi baxımdan sabit və etibarlı tərəfdaşlıq modelinin formalaşdığını təsdiqləyir.

 

 

            Hökmalı Mirzəyev,

            YAP Hacıqabul rayon təşkilatının sədr müavini.