Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət,din,ortaq dəyərlər birləşdirir.

2025-10-21 Baxış: 35
img

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiyanın strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi regiondur. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər.

1990-cı illərdən - Sovetlər İttifaqının süqutundan sonra 5 türk dövləti müstəqillik əldə etdi. Bu da bu kimi səbəblərdən biri-birindən onillərlə ayrı salınmış türk dünyasında bir canlanma əmələ gətirdi. Mərkəzi Asiya ölkələrinin ümumi ərazisi 4 milyon kv.km təşkil edir ki, bu da keçmiş sovetlər birliyinin ərazisinin 17 faizə qədərdir. Hazırda bölgəyə Rusiya, Çin, Hindistan, İran, ABŞ nüfuz etmək üçün rəqabət aparır. Bundan əlavə Birləşmiş Ərəb Əmirlikləri və Qatar da regionla əməkdaşlığa can atır. Pakistan da geoiqtisadi layihələrin tərkibi olmaq istəyir. Həmçinin geosiyasi və iqtisadi olaraq Çinin Uyğur bölgəsi və Əfqanıstanın şimal hissəsi Mərkəzi Asiyanın təsir dairəsinə düşür. Dünya əhalisinin yarısından çoxunu təşkil edən bu coğrafi məkan dominant ölkələr üçün ciddi siyasi və iqtisadi perspektiv vəd edir. Türkiyə və Azərbaycanın aktiv şəkildə bu təşkilatla əməkdaşlığı gələcəkdə mühüm regional layihələrdən pay almaq şansını artırır. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə intensiv və davamlı görüşləri perspektivdə bütünlüklə Asiyanın dünyanın tranzit daşımalarına bağlanması deməkdir.

Azərbaycan Mərkəzi Asiya, o cümlədən bütün türkdilli dövlətlərlə yaxından münasibət qurur. Müstəqillik əldə etdikdən sonra bu işdə olduqca fəallıq göstərən Azərbaycan hərtərəfli əlaqələri gücləndirməyə başladı. Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir.

Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artmış, ölkəmizlə əməkdaşlıq qurmaq istəyən dövlətlərin sayı getdikcə çoxalmışdır. Onların arasında Mərkəzi Asiya dövlətləri vacib yer tutur. Son illər Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, keçirdiyi görüşlər, o cümlədən qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təkcə respublikamız və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütövlükdə, Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın belə görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək. Prezidentin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcəkdir.

 

 

Gülzadə Rəşidova,

YAP fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxananın əməkdaşı.