Azərbaycanla Qazaxıstan arasındakı münasibətlər yüksək inkişaf dinamikasına malikdir.

Prezident
İlham Əliyevin oktyabrın 18-də “Kazinform” agentliyinə verdiyi müsahibə iki
qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini, regional və qlobal miqyasda
əməkdaşlığın dərinliyini, eləcə də gələcəyə doğru baxışı aydın şəkildə ortaya
qoyur. Müsahibə təkcə siyasi bəyanat deyil, Azərbaycan-Qazaxıstan əlaqələrinin
keçdiyi tarixi yolun, bu gün formalaşmış etibarlı tərəfdaşlığın və yeni mərhələyə
yüksələn strateji əməkdaşlığın əhatəli təhlilidir. “Prezident İlham Əliyevin
fikirləri bir daha göstərir ki, iki ölkə arasında münasibətlər sırf diplomatik
çərçivəni aşaraq türk birliyi ideyasına, qarşılıqlı etimada və dərin
inteqrasiyaya söykənən çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Dövlətimizin
başçısı ilk növbədə qeyd edir ki, Azərbaycan və Qazaxıstan arasında siyasi əlaqələr
bu gün ən yüksək etimad və möhkəmliklə xarakterizə olunur. Bu möhkəmliyin təməlində
təkcə son illərin diplomatik fəallığı deyil, onilliklər ərzində formalaşmış
tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mənəvi dəyərlər və mədəni ənənələr
dayanır. Bu baza üzərində iki dövlət arasında əsl strateji tərəfdaşlıq və müttəfiqlik
münasibətləri qurulub. Məhz bu etimad mühiti sayəsində ikitərəfli əməkdaşlıq
yalnız rəsmi müqavilələrlə məhdudlaşmır, dövlətlərarası əlaqələr bütün səviyyələrdə,
siyasi, iqtisadi, humanitar və təhlükəsizlik ölçülərində davamlı şəkildə dərinləşir”.
Azərbaycan
ilə Qazaxıstan yalnız ikitərəfli çərçivədə deyil, beynəlxalq təşkilatlar
daxilində də bir-birini fəal şəkildə dəstəkləyir. BMT, Türk Dövlətləri Təşkilatı,
İslam Əməkdaşlıq Təşkilatı, CICA və digər platformalarda ortaq mövqelər nümayiş
etdirilir. Bu həm siyasi həmrəylik, həm də regional və qlobal məsələlərdə ortaq
maraqların müdafiəsi baxımından olduqca əhəmiyyətlidir. İkitərəfli münasibətlərin
ən dinamik elementlərini isə iqtisadi-ticari əlaqələr təşkil edir. Prezident
İlham Əliyevin vurğuladığı kimi, iqtisadi əməkdaşlığın spektri son illərdə əhəmiyyətli
dərəcədə genişlənib. Ölkələr arasında etimad əsasında formalaşmış biznes əlaqələri
və dövlət səviyyəsində aparılan məqsədyönlü siyasət sayəsində qarşılıqlı ticarət,
investisiya və logistika əməkdaşlığı sürətlə artır. Bu günə qədər Qazaxıstan
kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya qurumunun qeydiyyatdan keçməsi
xüsusi fakt kimi göstərilir. Bu, yalnız iqtisadi göstərici deyil, Azərbaycan
biznes mühitinə olan yüksək etimadın ifadəsidir. Mədəni əlaqələr xalqlarımızı
bir-birinə daha da yaxınlaşdırır. 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü
ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi xalqlar
arasında dostluğun təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Qazax ədəbiyyatının
görkəmli nümayəndəsi Kemel Tokayevin əsərlərinin Azərbaycan dilində nəşri, onun
yubileyinə həsr olunmuş beynəlxalq tədbirlərin təşkili mədəni əməkdaşlığın yüksək
səviyyədə olduğunu nümayiş etdirir. “Prezident İlham Əliyev regional əhəmiyyətli
ekoloji təhlükələrə də diqqət yetirərək Xəzər dənizinin sürətlə dayazlaşmasının
ciddi təhdidə çevrildiyini vurğulayır. Bu proses biomüxtəlifliyin azalmasına,
ekosistemin pozulmasına və iqtisadi təhlükələrə səbəb olur. Dövlətimizin
başçısı xəbərdarlıq edir ki, məsələ yalnız iqlim dəyişikliyi ilə məhdudlaşmır və
Xəzəryanı ölkələr arasında koordinasiyalı siyasət, elmi məlumat mübadiləsi və
birgə tədbirlər qaçılmazdır. Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, ortaq məsuliyyət
məkanıdır və burada atılacaq addımlar regional təhlükəsizlik və ekoloji
tarazlıq üçün həlledici olacaqdır.
Beləliklə,
Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi Azərbaycan-Qazaxıstan əlaqələrinin
bu gün gəlib çatdığı yüksək strateji səviyyəni və gələcək inkişaf istiqamətlərini
aydın şəkildə göstərir. Bu münasibətlər tarixi dostluqdan müasir geosiyasi tərəfdaşlığa,
iqtisadi inteqrasiyadan regional liderliyə, türk dünyası vizyonundan qlobal əməkdaşlıq
modelinə yüksəlib. İki ölkə arasında formalaşmış qarşılıqlı etimad, siyasi iradə
və strateji baxış XXI əsrin Avrasiya məkanında ən uğurlu tərəfdaşlıq nümunələrindən
biri kimi dəyərləndirilə bilər. Bu əməkdaşlıq təkcə iki dövlətin deyil, bütün
regionun sabitliyi, təhlükəsizliyi və inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.
Pərvanə
Səfərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi.
Digər xəbərlər



