Qubadlı şəhərinin azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı.

25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında
əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə
gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə
düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk
növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm
olaraq hərbçilərimizə atəş açırdı. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və
fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı
göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda
yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və
strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan
Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. 2020-ci il noyabrın 26-da
“Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan
Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış
döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15212 hərbi qulluqçusu Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına
görə” medalı ilə təltif edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il
tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş
əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25
oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Qubadlının işğaldan azad
edilməsinin böyük əhəmiyyəti var idi. Çünki Qubadlının azad edilməsi
Kəlbəcərin, Laçının düşmənin əsarətindən qurtarılmasını təmin etdi. Qubadlı
əməliyyatından sonra ordumuzun strateji üstünlükləri həddindən artıq yüksəldi.
Artıq Qubadlı ilə Ermənistan-Azərbaycan sərhədlərinin bərpası başlandı. Məhz
buna görə də Azərbaycan Silahlı Qüvvələrinin Qubadlı Zəfəri tarixə qızıl
hərflərlə yazıldı.
2020-ci il 23 dekabr tarixində Prezident İlham
Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaldıb: “Bu gün səhərdən yağış yağırdı,
biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır.
Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə
idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi
yaxınlaşdırdı”. İşğal müddətində bütün binalar, abidələr sökülüb. Cəbrayıl,
Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Bu gün
azad olunan ərazilərimiz yenidən qurulur. İlham Əliyev dəfələrlə bəyan edib ki,
biz işğaldan azad olunmuş bütün ərazilərimizi, o cümlədən Qubadlını da cənnətə
çevirəcəyik. Ölkə başçısı şəhərə səfərində deyib: “Qubadlı rayonunun gözəl
mənzərəsi. Yenə də dağıdılmış kənd. Hər şeyi yenidən quracağıq, yolları da,
bütün infrastrukturu da. Gözəl mənzərədir”. Qubadlı beynəlxalq hava
limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşir. Coğrafi
mövqeyi və logistik imkanları buranı strateji əhəmiyyətə malik yer edir.
Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min
nəfərə çatdırılması planlaşdırılır. Təbii imkanlar da nəzərə alınaraq Qubadlıda
şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağların
şəhərin əsas simasını təşkil edəcəyi gözlənilir.
Ölkə başçımızın da dediyi kimi, peşəkarlıq,
qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat və
xalq-iqtidar birliyi kimi amillər bizə qələbəni gətirib. Artıq Azərbaycan
suveren bir dövlət kimi inkişafını uğurla davam etdirir.
Ali Baş Komandan, Prezident İlham Əliyevin işğaldan
azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir və
bu səfərlər zamanı həmin bölgələrin inkişafının, tərəqqisinin təməli qoyulur.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi,
Qubadlıya səfərləri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə
əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma
işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir. Bu gün işğaldan azad
edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş
köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda
bilmələri üçün həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad
olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində
olmasının təzahürüdür. Gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün
planlaşdırma aparılması Möhtərəm Prezidentimizin xüsusi diqqətindədir. Bütün
bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı
da tezliklə cənnətə çevriləcək.
Xanım Kərimova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya
təşkilatının sədr müavini
Qaraqaşlı bələdiyyəsinin sədri
Digər xəbərlər



