Qubadlının azad edilməsi müharibənən gedişatında dönüş nöqtəsi oldu.

1980-ci illərin
sonlarında Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini həyata keçirəndə
əsas hədəflərdən biri də Qubadlı idi. Ermənistanla sərhəddə yerləşən Şərqi Zəngəzurun
bu rayonu Qarabağ münaqişəsi zamanı ilk silahlı hücuma məruz qalan ərazilərdən
biri oldu. 1988-ci il noyabrın 24-də Ermənistan silahlı qüvvələri Eyvazlı
kəndinə hücum edərkən 1 nəfər öldürüldü, kənd tamamilə yandırıldı. Eyvazlının
yaxınlığındakı Davudlu və Qədili kəndləri işğal edildi. Bununla da İrəvan-Meğri
şosesi Ermənistanın əlinə keçdi. Bu hücumlar 1993-cü il avqustun 31-dək davam
etdi. Sonda işğal olunan rayonun otuz minə yaxın sakini doğma torpaqlarından
didərgin salındı. İyirmi yeddi il ərzində Qubadlı ermənilər tərəfindən talandı,
bütün sərvətləri xarici ölkələrə satıldı. Bu azmış kimi Ermənistan xaricdə
yaşayan erməniləri şirin vədlərlə aldadaraq Xanlıqda onlar üçün qəsəbə
salmışdı. Dövlətimiz, xalqımız, qubadlılılar heç zaman tarixi torpağımızın
işğalı ilə barışmadı, ərazilərimizin azad olunması üçün birlik, iradə nümayiş
etdirdilər. Bu birliyin, iradənin nəticəsində 2020-ci il oktyabrın 25-də
Qubadlı ordumuz tərəfindən azad olundu.
Sentyabrın 27-də
başlanan 44 günlük Vətən müharibəsi dövründə - oktyabrın
20-də Zəngilan azad olunduqdan sonra, növbəti istiqamət Qubadlı idi.
Ermənilər Qubadlını güclü
istehkamlarla, çoxsaylı hərbi birləşmələrə mühafizə edirdilər. Bilirdilər ki,
Qubadlını azad edəndən sonra Azərbaycan Ordusu cənubdakı əməliyyatları başa
çatdırıb, Şuşa və Laçına doğru irəliləyəcək. Ordumuz Qubadlının azad olunması
əməliyyatı zamanı da yüksək peşəkarlıq nümayiş etdirdi. Hakim olan
yüksəkliklər, ətrafdakı kəndlər, Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu
kəndləri nəzarətə götürüləndən sonra strateji yüksəkliklər ələ keçirilib.
Oktyabrın 25-də Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri şəhəri
düşməndən tam təmizlədilər.
Prezident İlham Əliyev noyabrın 10-da gecə xalqa müraciət edərək, Vətən
müharibəsinin Azərbaycan Ordusunun qələbəsi ilə başa çatmasını xəbər verdi.
Dövlətimizin başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən
oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir. 2020-ci il noyabrın 26-da
“Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı uğrunda aparılan
döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirmiş minlərlə hərbi
qulluqçu bu medal ilə təltif edilib.
Düşməndən təmizlənən ərazidə dövlətimiz tərəfindən bərpa-quruculuq
işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda
tikinti işləri plan üzrə aparılır. Beynəlxalq hava limanlarının tikildiyi
Zəngilan və Laçın rayonları arasında yerləşən Qubadlı strateji logistik
əhəmiyyətə malikdir. Qubadlı Kəlbəcər və Zəngilanın istehsalat şəbəkələrinin
bağlantı nöqtəsi olacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin əhali sayının
14 min nəfərə çatdırılması, Qubadlıda ekoloji kənd təsərrüfatı, balıqçılıq,
sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı nəzərdə tutulur. Qubadlıda
şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin
simasını təşkil edəcək.
Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı çox aydın, real proqram
mövcuddur. İranla sərhəddə - hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik
vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, digər mülki
dövriyyəsi qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin
qarşısını almaq üçün “Qubadlı” gömrük postu qurulub. Xudafərin‒Qubadlı‒Laçın
yolunun tikintisi üçün büdcədən 20 milyon manat ayrılıb. Ali Baş Komandan İlham
Əliyev Qubadlıya səfərlər edib. Dövlətimizin başçısı hər səfərində yeni
tikililərin təməlini qoyub, açılışlarını edib, görüləcək işlərlə bağlı yerli
nümayəndəliklərə müvafiq tapşırıqlar verib. 2022-ci il oktyabrın 19-da
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş
planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyevin Qubadlıda Azərbaycan
Bayrağını ucaldarkən etdiyi bu tarixi çıxış heç vaxt unudulmayacaq: “Bu gün
səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi
salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının
işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin
azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı”.
Artıq beş ildir həyatın yenidən canlandığı Qubadlı çox xoşbəxt və parlaq
görünür!
Mehrac Gözəlov,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya tşkilatının sədri
Salyan
Regional Qaz İstismar İdarəsinin Neftçala xidmət sahəsi üzrə rəis müavini
Digər xəbərlər



