Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi

Ölkəmizin cənub-qərbində yerləşən
Qubadlı rayonu 27 il erməni işğalında qaldı. Ermənistan işğalda saxladığı digər
ərazilərdə olduğu kimi Qubadlı rayonu ərazisində də talançılıqla məşğul olmuş,
bütün maddi-mədəni infrastrukturu yerlə yeksan etmişdir. Qubadlıda mövcud olan
faydalı qazıntı ehtiyyatları da işğal dövründə Ermənistan tərfindən talan
edilmişdir. İşğal dövründə Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam,
hərbi baza qurmuş Ermənistan Xanlıq kəndində qanunsuz məskunlaşma apararaq
xaricdən gətirilən erməniləri xaricdə yaşayan ermənilərin pulu ilə burada
salınan qəsəbədə yerləşdirmişdir. Bu isə hərbi cinayət hesab edilir. Cenevrə
konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan
ölkə cinayət törətmiş olur.
Oktyabrın 20-də Zəngilan şəhəri azad
olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi və rayonunun
azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyev çıxışlarının birində döyüş əməliyyatlarını təhlil
edərkən Qubadlının azad edilməsini tarixi hadisə adlandırmışdır. Belə ki,
ermənilər Qubadlıda güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin
hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə,
yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq
hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və
fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu peşəkarlıq, fədakarlıq göstərərək
ilk növbədə, şəhərə hakim olan yüksəklikləri, ətrafda yerləşən kəndləri, o
cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndlərini və strateji
yüksəklikləri azad etdi. Oktyabrın 25-də isə Azərbaycan Silahlı Qüvvələri
şəhəri düşməndən təmizlədi.
Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyev 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə”
medalını təsis etmişdir. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə
Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri
təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü
kimi müəyyən olub.
2020-ci il 23 dekabr tarixində
Qubadlı rayonuna baş tutan ilk səfəri zamanı Müzəffər Ali Baş Komandan,
Prezident İlham Əliyev dövlət bayrağını ucaltmış, növbəti səfərləri zamanı isə
çoxsaylı təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.İşğaldan azad
edilmiş digər ərazilərimiz kimi, Qubadlı rayonunda da genişmiqyaslı
bərpa-quruculuq işləri həyata keçirilir. Rayonun Baş planında Qubadlının
təbiəti, tarixi keçmişi, memarlığı, eləcə də 2050-ci ilə qədərki inkişaf
dinamikası nəzərə alınacaq.
Namiq Məmmədov,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xıllı qəsəbə
İƏD üzrə nümayəndə
Digər xəbərlər



