Prezident İlham Əliyevin Astana səfəri strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyətə malikdir

Azərbaycan
öz xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri
ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir. Mərkəzi Asiya ölkələri
ilə əlaqələrin gücləndirilməsi həm Türk dünyasında birliyin möhkəmlənməsinə, həm
də regional təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və enerji əməkdaşlığının dərinləşməsinə
xidmət edir.
Prezident
İlham Əliyevin son illərdə Mərkəzi Asiya dövlətlərinə, eləcə də bu ölkələrin
dövlət başçılarının Azərbaycana səfərləri intensiv xarakter alıb. Bu qarşılıqlı
səfərlər nəticəsində ikitərəfli və çoxtərəfli formatlarda mühüm sənədlər
imzalanıb, yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Siyasi əlaqələrlə
yanaşı, iqtisadi, nəqliyyat, enerji, humanitar və mədəni sahələrdə də münasibətlər
daha da genişlənib.
Ölkəmizin
xüsusilə sıx və tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri
Qazaxıstandır. Azərbaycanın və Qazaxıstanın strateji tərəfdaşlıq münasibətləri
həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində
uğurla inkişaf edir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi,
mədəni və dini ortaq dəyərlər iki ölkənin münasibətlərinin əsasını təşkil edir.
Bu dəyərlər əsrlər boyu formalaşıb, xalqlarımız arasında qarşılıqlı hörmətin və
dostluğun möhkəmlənməsinə xidmət edib. Hazırda Qazaxıstanda iki yüz minə yaxın
azərbaycanlı yaşayır və onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı,
biznes və digər sahələrində fəal çalışır, Qazaxıstanın ictimai-siyasi həyatında
yaxından iştirak edərək iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin
daha da güclənməsinə töhfə verirlər.
Xatırladaq
ki, sn üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana yeddi, Prezident
Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etmələri iki ölkə
arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu intensiv
qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun davamlı
xarakter daşıdığını və liderlər səviyyəsində etimadın möhkəm olduğunu sübut
edir.
Prezident
İlham Əliyevin oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfəri xüsusi əhəmiyyətə
malikdir. Səfər ərəfəsində ölkə başçısının Qazaxıstanın “Kazinform” agentliyinə
verdiyi müsahibə göstərdi ki, Bakı ilə Astana arasındakı münasibətlər yalnız
diplomatik deyil, həm də strateji və dəyərlərə söykənən qardaşlıq modelidir. Azərbaycan–Qazaxıstan
əlaqələri bu gün Türk dünyasının ən etibarlı sütunlarından birinə çevrilib.
Müsahibədə səsləndirilən fikirlərdən iki ölkə arasında həm siyasi, həm
iqtisadi, həm də mədəni sahələrdə qarşılıqlı etimadın gücləndiyi açıq şəkildə
hiss olunur. Oktyabrın 21-də iki dövlət başçısının təkbətək görüşü keçirilib.
Görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib: «Qazaxıstan
və Azərbaycan təkcə dost dövlətlər deyil, həm də qardaş xalqlar və millətlərdir.
Ona görə də Sizin ölkənizlə çoxşaxəli əməkdaşlığın inkişafı bizim üçün böyük
prioritetdir. Üstəlik, Azərbaycan Sizin güclü liderliyinizlə öz mövqelərini
xeyli möhkəmləndirib, beynəlxalq arenada nüfuzunu artırıb və dünyanın sizə aid
hissəsində regional güc kimi çox mühüm rol oynayır».
Prezident
İlham Əliyev qardaş ölkənin həm sosial-iqtisadi inkişafda, həm də beynəlxalq
mövqelərin möhkəmləndirilməsində uğurlarına sevindiyini qeyd edib. Prezident
bildirib ki, “Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir. Ölkədə
ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata
keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə,
onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik”.
Görüş
çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti
Kasım-Jomart Tokayevin iştirakı ilə “Orta dəhlizin inkişafı” (Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Təqdimat mərasimində qeyd
edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas
nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin
möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana
daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə
müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini
daha da artırır.
Həmçinin
hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin
mübadiləsi mərasimi olub, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata
bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qazaxıstan inkişaf və
modernləşmə yolu ilə inamla irəliləyir. Son illər Prezident Kasım-Jomart
Tokayevin həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir
texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və
modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir. Dövlətimizin başçısı
Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmləndiyini xüsusi vurğulayıb.
Ölkəmizin
başçısı bildirilib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi
geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu gün ölkələrimiz
arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə
malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya
regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya
daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət
göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin
etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb
edir”.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



