Azərbaycan–Qazaxıstan əlaqələrində yeni mərhələ: Astanadan verilən mesajlar

2025-ci
il oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfəri çərçivəsində
Astanada mətbuata bəyanat verdi və Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası
Şurasının ikinci iclasında çıxış etdi. Bu görüşlər bir daha göstərdi ki, Azərbaycanla
Qazaxıstanı birləşdirən münasibətlər təkcə dostluq və qardaşlıq deyil, həm də
strateji tərəfdaşlıq üzərində qurulmuş dərin bir əməkdaşlıq modelidir.
Prezident
İlham Əliyev çıxışında qeyd etdi ki, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü
və suverenliyini daim dəstəkləyib. “Bizim torpaqlarımız işğal altında olarkən
Qazaxıstan həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində
daim Azərbaycanın suverenliyini müdafiə edirdi. Biz bu qardaş dəstəyi hər zaman
hiss etmişik və minnətdarıq,” – deyə Prezident vurğuladı. Bu fikirlər iki xalq
arasında tarixən formalaşmış etimada və qarşılıqlı hörmətə söykənən münasibətlərin
aydın göstəricisidir.
İclasda
tərəflər iqtisadi, enerji, nəqliyyat, sənaye, rəqəmsal texnologiyalar və mədəniyyət
sahələrində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində konkret
addımlar barədə razılığa gəldilər. Prezident İlham Əliyev xüsusilə “Orta Dəhliz”
adlanan nəqliyyat-logistika layihəsinin önəmini vurğulayaraq bildirdi ki, Azərbaycan
və Qazaxıstan bu dəhlizin inkişafında birgə maraqlıdırlar və bu, təkcə iki ölkə
üçün deyil, bütövlükdə region üçün yeni imkanlar açır.
Prezidentin
sözlərinə görə, Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin
artması, birgə sənaye müəssisələrinin yaradılması, liman və tranzit
infrastrukturlarının inteqrasiyası iki ölkənin strateji tərəfdaşlığını daha da
gücləndirəcək. Görüşdə həmçinin enerji sahəsində əməkdaşlığın genişləndirilməsi,
qaz, neft və bərpa olunan enerji layihələri üzrə birgə təşəbbüslərin həyata
keçirilməsi müzakirə olundu.
Prezident
İlham Əliyev çıxışında bölgədə sülhün və sabitliyin bərqərar olunmasının
vacibliyinə də toxundu. O qeyd etdi ki, Cənubi Qafqazda yeni reallıqlar yaranıb
və artıq sülh dövrü başlanır: “Yeni mərhələ – hətta demək olar ki, artıq
başlamışdır – Azərbaycanla Ermənistan arasında sülh dövrüdür. Biz regionda
davamlı sabitliyin və əməkdaşlığın tərəfdarıyıq.”
Görüşün
sonunda Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycana
dövlət səfərinə dəvət etdi. Bu dəvət iki ölkə arasında münasibətlərin gələcəkdə
daha da dərinləşəcəyinə və strateji tərəfdaşlığın yeni səhifəsinin açılacağına
işarədir.
Astana
görüşü göstərdi ki, Azərbaycan və Qazaxıstan artıq təkcə ortaq tarixi və mədəni
köklərlə deyil, həm də ortaq məqsədlərlə birləşən iki qardaş dövlətdir. İlham
Əliyevin bəyanatı və çıxışı regionda qarşılıqlı etimada, sülhə və inkişaf
perspektivlərinə yeni nəfəs gətirən əhəmiyyətli siyasi mesaj kimi yadda qaldı.
Hökmalı Mirzəyev,
YAP hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



