Xalqımız üçün ən ağır dönəmlərdə qardaş dəstəyi

Oktyabrın
21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan
Respublikasının Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış
ediblər.
Vətən
müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda
hazırda böyük tikinti-abadlıq işləri aparılır. Bu proses “Böyük Qayıdış” layihəsinin
tərkib hissəsidir. Bir vaxtlar düşmən tapdağı altında inləyən torpaqlarda indi
həyat canlanır. Dağıdılmış kəndlər və şəhərlər müasir planlaşdırma prinsiplərinə
uyğun şəkildə yenidən salınır, yollar çəkilir, körpülər, tunellər, su elektrik
stansiyaları, hava limanları inşa olunur. Bir sözlə, insan yaşayışı üçün zəruri
olan müasir infrastruktur qurulur. Məqsəd azad edilmiş əraziləri qısa zamanda
tam həyat məkanına çevirmək və köçkünlərin layiqli şəkildə geri qayıdışını təmin
etməkdir.
Bir
sıra dost və qardaş ölkələrin bu prosesə verdikləri töhfələr ayrıca qeyd edilməlidir.
Söhbət təbii ki, Mərkəzi Asiyanın türkdilli dövlətlərindən və Macarıstandan
gedir. Prezident İlham Əliyev oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Dövlət
Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı bu
barədə bildirdi: “Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək
üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy
adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb
artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir.
Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən
qardaşlarımızın hədiyyəsi bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş
Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan
xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”. Dövlətimizin başçısı oktyabrın
21-də Astanada Qazaxıstan Prezidenti ilə birgə mətbuata bəyanatında bu məsələyə
bir daha toxundu: “Kasım-Jomart Kemeleviç iqtisadi-ticari qarşılıqlı fəaliyyət,
nəqliyyat-logistika sahəsi, energetika sektoru, humanitar əməkdaşlıq sferası məsələlərini
ətraflı işıqlandırdı. Öz tərəfimdən əlavə edərdim ki, Azərbaycanın bütün vətəndaşları,
o cümlədən işğaldan azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində
Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla
qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına
Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı
deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər
avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs,
– Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, – Kurmanqazı
adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin
qonağı dost köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş
köməyi sayəsində genişmiqyaslı “Böyük Qayıdış” layihəsini uğurla həyata
keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir”. Xalqımız üçün ən ağır
dönəmlərdə qardaş dəstəyini hiss etdiyimiz, işğal dövründə bütün beynəlxalq
platformalarda ölkəmizi həmişə dəstəkləyən, bizimlə həmrəyliyə səs verən,
keçmiş münaqişənin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun
nizamlanmasına çalışan Qazaxıstan bu gün də köməyini əsirgəmir. Əlbəttə, bunun
səbəbi ilk növbədə xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan
çoxəsrlik dostluğun, qardaşlığın birləşdirməsidir. Digər səbəb isə iki ölkə
prezidentləri arasında formalaşmış sıx əlaqələrdir. Bu gün Azərbaycan və
Qazaxıstan arasında dövlətlərarası münasibətlər də məhz bu möhkəm bünövrə üzərində
qurulur. Son illər bu əlaqələr siyasi və iqtisadi sahələrlə yanaşı, humanitar
sferada da yeni məzmun və dinamika qazanıb. Əminliklə demək olar ki, Prezident
Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa edilən Kurmanqazı adına Uşaq
Yaradıcılıq Mərkəzi iki xalq arasında dostluq körpüsünün simvoluna çevrilib. Bu
mərkəz təkcə bir tikili deyil. O, Qazaxıstan xalqının Azərbaycanla həmrəylik və
mənəvi bağlılığının təcəssümüdür.
Maya
Qənbərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin kicik elmi isçisi.
Digər xəbərlər



