Azərbaycan–Qazaxıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edir

2025-10-24 Baxış: 12
img

Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda hazırda böyük tikinti-abadlıq işləri aparılır. Bu proses “Böyük Qayıdış” layihəsinin tərkib hissəsidir. Bir vaxtlar düşmən tapdağı altında inləyən torpaqlarda indi həyat canlanır. Dağıdılmış kəndlər və şəhərlər müasir planlaşdırma prinsiplərinə uyğun şəkildə yenidən salınır, yollar çəkilir, körpülər, tunellər, su elektrik stansiyaları, hava limanları inşa olunur. Bir sözlə, insan yaşayışı üçün zəruri olan müasir infrastruktur qurulur. Məqsəd azad edilmiş əraziləri qısa zamanda tam həyat məkanına çevirmək və köçkünlərin layiqli şəkildə geri qayıdışını təmin etməkdir.

Bir sıra dost və qardaş ölkələrin bu prosesə verdikləri töhfələr ayrıca qeyd edilməlidir. Söhbət təbii ki, Mərkəzi Asiyanın türkdilli dövlətlərindən və Macarıstandan gedir. Prezident İlham Əliyev oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı bu barədə bildirdi: “Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.

Dövlətimizin başçısı oktyabrın 21-də Astanada Qazaxıstan Prezidenti ilə birgə mətbuata bəyanatında bu məsələyə bir daha toxundu: “Kasım-Jomart Kemeleviç iqtisadi-ticari qarşılıqlı fəaliyyət, nəqliyyat-logistika sahəsi, energetika sektoru, humanitar əməkdaşlıq sferası məsələlərini ətraflı işıqlandırdı. Öz tərəfimdən əlavə edərdim ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən işğaldan azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, – Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, – Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı dost köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir”. Xalqımız üçün ən ağır dönəmlərdə qardaş dəstəyini hiss etdiyimiz, işğal dövründə bütün beynəlxalq platformalarda ölkəmizi həmişə dəstəkləyən, bizimlə həmrəyliyə səs verən, keçmiş münaqişənin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına çalışan Qazaxıstan bu gün də köməyini əsirgəmir.

Əlbəttə, bunun səbəbi ilk növbədə xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluğun, qardaşlığın birləşdirməsidir. Digər səbəb isə iki ölkə prezidentləri arasında formalaşmış sıx əlaqələrdir. Bu gün Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası münasibətlər də məhz bu möhkəm bünövrə üzərində qurulur. Son illər bu əlaqələr siyasi və iqtisadi sahələrlə yanaşı, humanitar sferada da yeni məzmun və dinamika qazanıb. Əminliklə demək olar ki, Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi iki xalq arasında dostluq körpüsünün simvoluna çevrilib. Bu mərkəz təkcə bir tikili deyil. O, Qazaxıstan xalqının Azərbaycanla həmrəylik və mənəvi bağlılığının təcəssümüdür.

 

 

 

Pərvanə Səfərova,

YAP fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi.