Əziz Şuşa, sən azadsan!

Şuşa Zəfəri Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılıb. Bu,
yalnız hərbi gücün Qələbəsi deyil, həm də Azərbaycan xalqının milli kimliyini və
öz torpağına olan sevgisini təsdiqləyən bir hadisədir. Şuşanın azad edilməsi Azərbaycan
xalqının əzmini, Vətənə bağlılığını və tarixi ədalətin bərpası uğrunda olan mübarizəsini
simvolizə edir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın
8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur
hissi ilə Şuşa şəhəri işğaldan azad olunduğunu bəyan etdi. Çıxışında bütün bu illər
ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini və bunun ona güc verdiyini vurğulayan
dövlətimizin başçısı dedi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək
düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir
yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu
yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib!
Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri
icra etmək üçün imkan yaradacaq”.
Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın işğaldan azad edilməsi, xalqımız
üçün həm mənəvi, həm də strateji bir əhəmiyyət kəsb edir. Bu Zəfər nəticəsində Qarabağ
bölgəsində sülh və stabillik bərqərar olunub, Azərbaycan Ordusunun qəhrəmanlığı
isə dünya səviyyəsində heyranlıqla izlənilib. Şuşanın azadlığı Azərbaycan xalqının
birlik və həmrəyliyinin, Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, ordumuzun
peşəkarlığının və xalqımızın milli iradəsinin parlaq təcəssümüdür.
Zəfərdən sonra Şuşa yenidən doğulur. Azərbaycan dövləti bu qədim şəhəri
yenidən mədəniyyət və turizm mərkəzinə çevirmək üçün bərpa işlərinə start verib.
Şuşada keçirilən mədəni tədbirlər, yenidən inşa olunan tarixi abidələr və bu şəhərə
axın edən qonaqlar, Şuşanın yalnız bir şəhər deyil, milli bir dəyər olduğunu bir
daha göstərir.
Bu Zəfər gələcək nəsillərə böyük örnəkdir. Şuşa
Zəfəri ilə Azərbaycan xalqı sübut etdi ki, milli birliyimiz və Vətən sevgimiz olduğu
müddətcə hər hansı bir çətinliyi dəf edə bilərik. Bu Qələbə Azərbaycan xalqının
birliyi, gücü və iradəsinin əbədi rəmzi olaraq yaşayacaq və bizi gələcəyə doğru
ruhlandıracaq. Şuşa Zəfəri ilə Azərbaycan həm regional, həm də qlobal səviyyədə
öz gücünü və müstəqilliyini nümayiş etdirdi. Bu Qələbə bizim həm tariximiz, həm
də gələcəyimiz üçün əbədi bir miras olaraq yaddaşlara həkk olunacaq.
Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli
Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad
edilməsi ilə kifayətlənəcək. Hadisələrin sonrakı gedişi bu cür düşünənlərin yanıldığını
göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror
əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı
Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, ordumuzun gücünü
bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq
təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin
mövcudluğuna birdəfəlik son qoyuldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində
qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Xankəndi, Xocalı, Xocavənd,
Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur
yaşatdı, dövlət suverenliyimiz tam bərpa olundu.
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli
fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu
Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və
hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir
silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin
artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər
görüldü. Cənab İlham Əliyevin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial
yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik
Şurasının 27 il kağız üzərində qalmış 4 qətnaməsini Azərbaycan özü icra etdi. Xüsusən
Silahlı Qüvvələrin fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə
yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz Lideri ətrafında yumruq
kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi Qələbənin təmin edilməsində
mühüm rol oynadı.
Mübariz
Tağıyev,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Astanlı kənd
tam orta məktəbin direktoru
Digər xəbərlər



