Son on ildə də Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb

Prezident
İlham Əliyev noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik
yubileyinə həsr olunmuş yığıncaqda diqqəti bir çox ciddi məqamlara yönəltdi.
Xüsusilə Ulu Öndərlə ölkə ziyalılarının doğma münasibətlərindən
danışdı. Belə ki, Onun hakimiyyətə qayıdışından sonra Azərbaycan ziyalıları ilə,
Azərbaycan ictimaiyyəti ilə ilk görüşü məhz 1993-cü ildə Milli Elmlər
Akademiyasında olmuşdur. Ümummilli Lider həmin görüşdə bir daha müstəqil, yeniləşən
Azərbaycanın prioritetlərini açıq şəkildə bəyan etmişdir. Prezident İlham
Əliyev o dövrləri xatırladaraq deyirdi ki, o vaxt maliyyə imkanlarımız çox məhdud
idi. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə idi. Bir milyondan çox qaçqın
və məcburi köçkün, torpaqlarımızın işğal altına düşməsi və çox böyük iqtisadi,
maliyyə çətinlikləri həmin dövrün reallıqları idi. Amma buna baxmayaraq, yenə də
Akademiyanın işi, alimlərin fəaliyyəti üçün vəsait ayrılırdı. İllər keçdikcə,
Azərbaycan inkişaf etdikcə bu vəsait daha böyük həcmdə ayrıldı. Son on ildə də
Azərbaycan elminə ayrılan vəsait iki dəfədən çox artıb. Bir sıra mühüm addımlar
atıldı. Akademiyanın maddi-texniki bazası möhkəmləndirildi. Yeni böyük elmi
kitabxana inşa edildi. Milli Ensiklopediya üçün yeni bina inşa olundu. Elmi-tədqiqat
institutlarının təmiri və avadanlıqlarla təchizi təmin edildi. 2009-cu ildə Elm
Fondu yaradıldı. Fondun yaradılmasının əsas məqsədi Azərbaycan alimlərinə maddi
dəstək vermək, elmin inkişafına qrantlar çərçivəsində təkan vermək idi. Elmin
inkişafı üzrə Milli Strategiya, “Elm haqqında” Qanun qəbul edildi.
«Görülmüş
bütün işləri sadalamaq üçün çox vaxt lazımdır» söyləyən cənab İlham Əliyev
vurğuladı ki, sadəcə olaraq, bunu bildirməliyəm ki, bütün başqa sahələrdə
olduğu kimi, bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni
formalarla zənginləşir. Dövlətimizin başçısı bu məqamı da yığıncaq
iştirakçılarına xatırlatdı ki, 10 il bundan əvvəl - Akademiyanın 70 illiyində
bax bu salonda alimlər qarşısında çıxış etmişdim. Son 10 ildə həm dünyada, həm
Azərbaycanda köklü dəyişikliklər baş verdi. Azərbaycana gəldikdə isə son 10 il
bizim üçün inkişaf və zəfərlərlə zəngin illər olmuşdur. Əsas vəzifə -
torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası
layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara
sahibdir.
Süni
intellektdən bəhs edən Prezident İlham Əliyev qeyd etdi ki, on il bundan əvvəl
bu barədə heç kim heç nə danışmırdı. Bu gün artıq bu, ölkələrin gələcək
inkişafının ayrılmaz hissəsidir. Biz burada geri qalmamalıyıq. Müzəffər Ali Baş
Komandanımız çıxışında Azərbaycanda hərbi sənayenin sürətlə inkişafından da
geniş bəhs edərək bildirdi ki, artıq uzun illər ərzində bu sahəyə böyük vəsait
ayrılır, bu sahədə fəaliyyət göstərən şirkətlərin fəaliyyəti təkmilləşir. Hərbi
imkanlarımızı artıq böyük dərəcədə yerli istehsal hesabına genişləndiririk, öz
tələbatımızı böyük dərəcədə ödəyirik. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul
ixrac edirik və qarşıya vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də
ixrac etmək üçün bizdə bu istiqamətdə çox ciddi sənaye klasteri yaradılsın. Nəzərə
alsaq ki, bu gün dünyanın bütün yerlərində müharibələr alovlanır, dayanmır, əfsuslar
olsun ki, hərbi təyinatlı məhsullara bundan sonra da ehtiyac olacaq.
Dövlət
başçısı hazırkı dövrün çağırışları sırasında bərpaolunan enerji mənbələrinə
investisiyaların yatırılmasından da bəhs etdi. Bildirdi ki, bu gün yeni sahələr
arasında əsas yerdə bərpaolunan enerji növlərinin yaradılmasıdır. Burada da Azərbaycan
ön sıralardadır. Bu gün Azərbaycanda icra edilən bərpaolunan enerji layihələri
çox genişmiqyaslıdır. Təkcə Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində
30-dan çox su elektrik stansiyası inşa edilmişdir. Onların toplam generasiya
gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrik stansiyalarının inşası
gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100 meqavatlıq iki stansiyanın təməli
qoyuldu. O stansiyaların yanında 240 meqavat gücündə üçüncü Günəş elektrik
stansiyası inşa edilir. Bütövlükdə 2030-cu ilə qədər Günəş, külək və su
elektrik stansiyalarının generasiya gücü 6 min meqavata çatmalıdır. Bu, böyük
bir sənaye sahəsidir, sənayenin inkişafının növbəti istiqamətidir.
Prezidentimizin
elə bir çıxışı yoxdur ki, orada Azərbaycanın tarixinə diqqət yönəltməsin.
Sözügedən çıxışında dedi: «Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan
tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və
bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun
qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. 10 il bundan əvvəl Akademiyanın 70
illiyində danışmışam, bu gün də bu barədə danışmaq istəyirəm ki, biz öz
tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, gəncləri zəngin
tariximizi bilməlidirlər. Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik
tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı
böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim
hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda
da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz
bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan
əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli
vətəndaşlar kimi yaşayırlar. Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə
düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib
və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa
xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki
Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır.»
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



