“Güclü iqtisadiyyat – güclü gələcək: Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində tarixi mesajları”

2025-11-06 Baxış: 9
img

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin siyasi, iqtisadi və elmi istiqamətdə atdığı strateji addımlar barədə mühüm mesajlar verib. Prezident çıxışında qeyd edib ki, bu gün Azərbaycanın sürdürülebilir inkişaf modeli real nəticələr üzərində qurulub və buna görə də iqtisadiyyatın aparıcı təkanverici qüvvəsi artıq neft deyil, qeyri-neft sektorudur. Bu sahədəki dinamik inkişaf ölkənin maliyyə sabitliyini möhkəmləndirir, biznes mühitini genişləndirir və yeni əmək bazarı yaradır.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın valyuta ehtiyatları ildən-ilə artır, bu il isə 80 milyard dollar həddini ötərək tarixi rekord nümayiş etdirib. Prezident vurğulayıb ki, bu, ölkənin iqtisadi təhlükəsizliyini gücləndirməklə yanaşı, qlobal böhranlara qarşı tam müstəqil və dayanıqlı inkişaf modelinin olduğunu sübut edir.

Güclü iqtisadiyyat Azərbaycanın qarşıya qoyduğu ən böyük milli məqsədlərdən birini – azad edilmiş torpaqların sürətli bərpasını təmin edən əsas amildir. Prezident bildirdi ki, bu güc həm əminlik verir, həm də Qarabağ və Şərqi Zəngəzurda böyükmiqyaslı layihələrin sürətlə həyata keçirilməsinə imkan yaradır. Artıq bölgədə geniş geoloji araşdırmalar aparılır, infrastruktur, kənd təsərrüfatı və turizm potensialının qiymətləndirilməsi davam edir.

Çıxışın ən mühüm məqamlarından biri bərpaolunan enerji sahəsində əldə edilən uğurlarla bağlı idi. Azərbaycan bu gün Cənubi Qafqazın yaşıl enerji mərkəzinə çevrilir. Nəhəng külək və günəş elektrik stansiyalarının inşası, beynəlxalq investorların cəlbi və yaşıl enerji ixracı üzrə planlar ölkənin enerji strategiyasının yeni mərhələsini göstərir.

Prezident İlham Əliyev çıxışında mühüm tarixi-humanist fikri də səsləndirdi: azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıtması Ermənistan xalqını qorxutmamalıdır. Bu, regionun uzunmüddətli sülhü və ədalət prinsipləri çərçivəsində baş verə bilər. Azərbaycan sülhü istəyən tərəf kimi öz mövqeyini açıq və prinsipial şəkildə nümayiş etdirir.

AMEA-nın 80 illik yubileyində səslənən bu mesajlar Azərbaycanın gələcək inkişaf modelinin, elmin, iqtisadiyyatın və sülh siyasətinin strateji xəttini əks etdirir. Güclü dövlət, dayanıqlı iqtisadiyyat və elmə verilən yüksək dəyər Azərbaycanın gələcək illərdə daha böyük nailiyyətlər əldə edəcəyinin göstəricisidir.

 

Aytən İmanova

YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.