Prezidentin yeni təyin olunan icra başçılarına verdiyi tapşırıqlar xalqa xidmətin aydın manifestidir.

2025-11-15 Baxış: 3
img

12 noyabr 2025-ci il tarixində Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Dövlət başçısının çıxışı həm yeni təyinat alan məmurlara strateji istiqamət göstərdi, həm də son illərdə aparılan islahatların mahiyyətini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, son illərdə həyata keçirilən regional inkişaf proqramları nəticəsində ölkənin infrastruktur siması tam dəyişib. Bütün bölgələrdə elektrik enerjisi təchizatı, yollar, su layihələri və sosial obyektlər yüksək səviyyədə yenilənib. Dövlət başçısının sözləri ilə desək, “Azərbaycanın bölgələrində bu gün hər bir şəhərdə müasir xəstəxana fəaliyyət göstərir, kənd yollarının 80 faizi təmirlidir”. Bu faktlar Prezidentin uzun illər ərzində həyata keçirdiyi dayanıqlı regional siyasətin konkret nəticələridir. O, təkcə paytaxtın deyil, ucqar kəndlərin də inkişafını dövlət siyasətinin mərkəzinə gətirib. Prezident İlham Əliyev ekologiya məsələlərinə də toxundu. O, Bakının və Sumqayıtın “ekoloji fəlakət zonası” statusundan çıxarılaraq parklar şəhərinə çevrildiyini qeyd etdi. “Qara şəhəri Ağ şəhərə çevirdik” ifadəsi bu siyasətin simvoluna çevrildi. Dövlət başçısı bölgələrdə də qanunsuz fəaliyyətin qarşısının alınması, təbiətin qorunması istiqamətində sərt tədbirlərin görüləcəyini bildirdi.

Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər bir daha göstərdi ki, Azərbaycan dövlət idarəçiliyi sistemində şəffaflıq, ədalət və xalqla birbaşa təmas əsas hədəflər olaraq qalır. İlham Əliyev həm siyasi, həm iqtisadi, həm də mənəvi baxımdan ölkənin inkişafını koordinasiya edən lider kimi çıxış edir.

Onun sözləri ilə desək, “etimadı doğrultmaq, xalqa xidmət etmək, xalqın rəğbətini qazanmaq” hər bir rəhbərin borcudur. Bu, təkcə tapşırıq deyil — bu, Prezident İlham Əliyevin müəyyən etdiyi müasir Azərbaycan idarəçilik fəlsəfəsidir.

          

 

Pərvanə Səfərova,

YAP fəalı, Hacıqabul Tarix-Diyaşünaslıq Muzeyinin bələdçisi .