Xalqın etimadını doğrultmaq – Prezident İlham Əliyevin dövlətçilik çağırışı

2025-11-15 Baxış: 3
img

12 noyabr 2025-ci ildə Naxçıvanda Prezident İlham Əliyevin Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra başçılarını qəbul zamanı səsləndirdiyi çıxış bir daha göstərdi ki, Azərbaycan rəhbərliyinin əsas hədəfi xalqa xidmət, şəffaf idarəçilik və sosial ədalətin təminidir.

Dövlət başçısı çıxışında vurğuladı ki, rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar, ədalətli və xalqın içərisində olmalıdır. “Sizə böyük etimad göstərilir, əminəm ki, bu etimadı doğruldacaqsınız”, – deyən Prezident, məmurların fəaliyyətində əsas prinsipin xalqa xidmət, şəffaflıq və dürüstlük olduğunu xüsusi qeyd etdi. O, eyni zamanda xəbərdarlıq etdi ki, qanunsuzluq, korrupsiya və təkəbbürə qarşı mübarizə dövlət siyasətinin əsas istiqamətidir.

Prezident İlham Əliyevin sözlərində həm məsuliyyət, həm də inam duyulurdu: “Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq.” Bu cümlə həm rəhbərlik edənlər, həm də vətəndaşlar üçün bir siqnaldır – dövlət qanunun aliliyinə söykənir və bu prinsipi qorumaq hər bir məmurun borcudur.

Dövlət başçısı çıxışında regionların sosial-iqtisadi inkişafına da geniş toxundu. Qeyd etdi ki, ölkənin bütün bölgələrində infrastruktur layihələri, elektrik enerjisi, içməli su, yol və sosial obyektlərin inşası sahəsində mühüm irəliləyişlər əldə olunub. “Artıq Azərbaycanın bölgələri ən yüksək standartlara cavab verir” – deyən Prezident, görülən işlərin əsas məqsədinin vətəndaş rifahını yüksəltmək olduğunu vurğuladı.

Məşğulluq məsələsinə də diqqət çəkən Prezident bildirdi ki, iş yerlərinin yaradılması və sahibkarlığın dəstəklənməsi yerli rəhbərlərin başlıca vəzifələrindən biri olmalıdır. Hökumətin məqsədi – insanları öz doğma yurdlarında, kəndlərində işləməyə və yaşamağa təşviq etməkdir.

Çıxışda ekologiya və ətraf mühitin qorunması məsələləri də xüsusi yer aldı. Prezident xatırlatdı ki, “Qara şəhəri Ağ şəhərə çevirdik” – bu, Azərbaycanın ekoloji siyasətinin uğur simvoludur. Bu istiqamətdə bölgələrdə də ciddi nəzarət və təmizlik siyasətinin davam etdirilməsi tapşırıldı.

Sonda Prezident İlham Əliyev icra başçılarına və yeni təyin olunmuş nümayəndələrə bir daha müraciət edərək dedi:

“Əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız.”

Bu sözlər, əslində, bir mesajdan ibarətdir – xalqın sevgisi və dövlətin etimadı yalnız dürüst əməyin, ədalətin və xidmətin nəticəsində qazanılır.

İlham Əliyevin bu çıxışı təkcə təyinat mərasimi deyildi, həm də dövlət idarəçiliyinin mənəvi kodeksi idi – xalqa sədaqət, məsuliyyət, təvazökarlıq və ədalət prinsiplərinin aydın təzahürü.

Bu, Yeni Azərbaycan reallığının və çağdaş dövlətçilik fəlsəfəsinin parlaq ifadəsidir.

 

           Aytən İmanova,

           YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.