Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir.

2025-11-17 Baxış: 58
img

Azərbaycanın dünya miqyasındakı reytinqi getdikcə artır, mövqeyi daha da möhkəmlənir. Hazırda regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli inkişafına xüsusi əhəmiyyət verilir. Son illər Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qarşılıqlı surətdə qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, fəal siyasi dialoqlar, həmçinin dövlət başçılarının ikitərəfli səfərləri əməkdaşlığı daha da möhkəmləndirib. Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətləri yüksək səviyyəyə çatdırıb. Son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər etmiş və Prezident İlham Əliyev həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə olmuşdur. Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir.

 

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırılır. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycanın Özbəkistanla münasibətləri də xüsusi qeyd edilməlidir. Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Dost ölkələri ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir və ən yüksək müttəfiqlik səviyyəsindədir. İki ölkə arasında münasibətlərin inkişafına təsir edən əsas amillərdən biri də Özbəkistan Prezidenti ilə Azərbaycan Prezidenti arasında yaranan şəxsi etimad və dostluq münasibətləridir. Son bir il yarım ərzində beş qarşılıqlı səfərin baş tutması zamanı onlarla mühüm sənəd, o cümlədən strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalanıb. Əlbəttə, qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib.

 

Ölkələrimiz arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər. Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf edir.

 

Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Azərbaycanla Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə davam edir. Bugünədək Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ dolları, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ dolları sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.

 

Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır. Eyni zamanda, mədəni və humanitar əməkdaşlıq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Daşkənddə Heydər Əliyev meydanının yaradılması və Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması öllkələrimiz arasında dostluq münasibətlərinin daha da yaxşılaşdırılmasının göstəricisidir.

 

Bütün bunlar Azərbaycan ilə Özbəkistanın iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir.

 

 

Elmira Kazımova,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Neftçala rayon Mədəniyyət Mərkəzinin direktoru