Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələri gündən-günə möhkəmlənir

Noyabrın
16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət
görüşü keçiriləcəkdir. Mərkəzi Asiya ölkələrinin lideri - Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan
Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rahmon, Türkmənistan
Prezidenti Serdar Berdiməhəmmədovun iştirak edəcəyi toplantıya Azərbaycan
Prezidenti İlham Əliyev də dəvət olunub.
Azərbaycanla
Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlığın
genişlənməsi fonunda Prezident İlham Əliyevin toplantıya dəvəti regionda ölkəmizin
artan rolunun göstəricisidir.
Noyabrın
13- də yəni, tədbir ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın
Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Bu müsahibə yalnız iki ölkə
arasındakı münasibətləri izah etmirdi, eyni zamanda Azərbaycan diplomatiyasının
məqsədli və strateji yönünü açıq şəkildə ortaya qoydu. Müsahibədə ölkəmizin
başçısı Azərbaycanın regional siyasətini, ikitərəfli əlaqələrin dərinliyini və
mövcudluğunu aydın şəkildə şərh edərək gələcək əməkdaşlığın dayanıqlı tərəfdaşlıq,
qarşılıqlı etimad və bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyini vurğuladı.
Eyni zamanda, müsahibə Azərbaycan liderliyinin həm regional, həm də beynəlxalq
səviyyədə nüfuzunu daha da möhkəmləndirdiyini, Türk dünyası ilə əməkdaşlığın
inkişafında önəmli rol oynadığını və ölkəmizin strateji təşəbbüslərinin uğurla
nəticələndiyini nümayiş etdirdi.
Müsahibədə
qeyd edilib ki, Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət
görüşündə sayca üçüncü dəfə iştirak edir. Azərbaycan və Mərkəzi Asiya ölkələri
artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı
formalaşdırır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq
ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi,
sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji
birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.
Ölkəmiz
regiondakı bütün dövlətlərlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli
inkişafına xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevi qeyd etdiyi kimi: “Hesab
edirəm ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda
qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin fəal siyasi
dialoqumuz və qarşılıqlı səfərlərimiz bu əməkdaşlıq formatının uğurunda mühüm
rol oynayır”.
Son
bir neçə ildə Mərkəzi Asiya dövlət başçıları arasında qarşılıqlı səfərlərin və
təmasların dinamikası münasibətlərimizin yüksək səviyyəsini əyani şəkildə
nümayiş etdirir. Belə ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana
təxminən 30 səfər ediblər və AZərbaycan Prezidenti cənab İlham Əliyev də qardaş
ölkələrdə 13 dəfə səfərdə olub. Bu səfərlər və ölkə başçılarının görüşləri Orta
Dəhlizin artan əhəmiyyəti əməkdaşlığımızın genişləndirilməsi üçün əhəmiyyətli
imkanlar yaradır.
Müsahibədə
Azərbaycanla Özbəkistan arasında dostluq və qardaşlıq əlaqələrinə, gündən-günə
möhkəmlənən və inkişaf edən qarşılıqlı münasibətlərə xüsusi toxunulub.
Bildirlib ki, Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir.
Ölkələrimizi ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi
və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət
və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlər bu
möhkəm təməl üzərində uğurla inkişaf edir.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



