ÖZBƏKISTAN - QARDAŞ ÖLKƏ VƏ ETIBARLI MÜTTƏFIQ

Prezident
İlham Əliyev bu günlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi
müsahibədə vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə
malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Bu,
dünyada cərəyan edən ziddiyyətli proseslər, mövcud geosiyasi reallıqlar fonunda
çox böyük əhəmiyyət daşıyır. Ortaq dəyərlərə və üst-üstə düşən strateji
maraqlara malik olan ölkələrimiz bir-biri ilə sıx inteqrasiya edirlər. Qeyd edək
ki, son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər
ediblər, Prezident İlham Əliyev isə həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə
olub. Belə intensiv siyasi dialoq ölkələrimiz arasında münasibətlərin nə qədər
yüksək səviyyədə olmasının əyani göstəricisidir. Bu kontekstdə Azərbaycanla Özbəkistan
arasında əlaqələrin davamlı olaraq genişlənməsi də böyük məmnunluq doğurur.
İki
ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin
istəyi birləşdirir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi
dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə
qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Prezident İlham Əliyev bəhs
olunan müsahibəsində Özbəkistanı Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq
kimi səciyyələndirib. Dövlətimizin başçısı vurğulayıb ki, bizi ortaq köklər, mənəvi
dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər
boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər.
Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində
uğurla inkişaf edir.
Təkcə
son bir il yarım ərzində beş yüksəksəviyyəli səfər olub. Bütün bunlar iki ölkə
arasındakı münasibətlərin yüksək dinamikasını əyani şəkildə göstərir. Keçən
ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri baş tutub,
bu ilin iyulunda isə Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib.
Bu tarixi səfərlər zamanı onlarla mühüm sənəd, o cümlədən Strateji tərəfdaşlığın
daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri
haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası
arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə
2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalanıb. Prezident
İlham Əliyevin bildirdiyi kimi, bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan
münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu
da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının
reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan
verib.
İki
ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq müxtəlif sahələrdə,
o cümlədən də iqtisadi sektorda əməkdaşlıq da davamlı olaraq genişlənir.
Müsahibədə də qeyd olunduğu kimi, hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək
üçün əhəmiyyətli səylər göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin
həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120
Özbəkistan investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və
iqtisadiyyatın müxtəlif istiqamətlərində - sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat
və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Azərbaycanla Özbəkistan
arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə
dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr
aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq
319 milyon ABŞ dollarına çatıb. Sərmayələr sahəsində əməkdaşlıq da möhkəmlənməyə
davam edir. Bu günədək Özbəkistan Azərbaycan iqtisadiyyatına 21,8 milyon ABŞ
dolları, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5 milyon ABŞ
dolları sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm də üçüncü
ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon ABŞ
dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.
Aidə
Hüseynova,
YAP
fəalı, Hacıqabul şəhəri A.Dadaşov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin
təşkilatçısı.
Digər xəbərlər



