Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir.

Azərbaycanın
dünya miqyasındakı reytinqi getdikcə artır, mövqeyi daha da möhkəmlənir.
Hazırda regiondakı bütün ölkələrlə ən yüksək səviyyədə əməkdaşlığın hərtərəfli
inkişafına xüsusi əhəmiyyət verilir. Son illər Mərkəzi Asiya ölkələri ilə Azərbaycan
arasında qarşılıqlı surətdə qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri,
fəal siyasi dialoqlar, həmçinin dövlət başçılarının ikitərəfli səfərləri əməkdaşlığı
daha da möhkəmləndirib. Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı
səfərlərin və təmasların dinamikası münasibətləri yüksək səviyyəyə çatdırıb.
Son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər
etmiş və Prezident İlham Əliyev həmin müddətdə qardaş ölkələrdə 13 dəfə səfərdə
olmuşdur. Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın
yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan
və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni,
coğrafi və geosiyasi məkan formalaşdırılır. Ölkələrimizi təkcə coğrafiya deyil,
həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr
birləşdirir. Azərbaycanın Özbəkistanla münasibətləri də xüsusi qeyd edilməlidir.
Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Dost ölkələri
ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs
birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər.
Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində
uğurla inkişaf edir və ən yüksək müttəfiqlik səviyyəsindədir. İki ölkə arasında
münasibətlərin inkişafına təsir edən əsas amillərdən biri də Özbəkistan
Prezidenti ilə Azərbaycan Prezidenti arasında yaranan şəxsi etimad və dostluq
münasibətləridir. Son bir il yarım ərzində beş qarşılıqlı səfərin baş tutması
zamanı onlarla mühüm sənəd, o cümlədən strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi
haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi”
və digər sənədlər imzalanıb. Əlbəttə, qısa müddət ərzində çox böyük işlər görüldü.
Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli
əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda
yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə
əhəmiyyətli təkan verib.
Azərbaycan
qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da
genişləndirməkdə maraqlıdır. Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən
biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit
imkanlarının genişləndirilməsidir. Hava nəqliyyatının inkişafı və şəhərlərimiz
arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. Energetika
sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq
qalır. Eyni zamanda, mədəni və humanitar əməkdaşlıq ölkələrimiz arasında
dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin
xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Daşkənddə
Heydər Əliyev meydanının yaradılması və Bakıda “Özbəkistan” parkının təməlinin
qoyulması öllkələrimiz arasında dostluq münasibətlərinin daha da
yaxşılaşdırılmasının göstəricisidir.
Bütün
bunlar Azərbaycan ilə Özbəkistanın iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə
güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız
arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha
da inkişafına xidmət göstərir.
Bəxtiyar Ələkbərov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri, Şirvan-Salyan
Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorunun müdiri.
Digər xəbərlər



