Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır.

Azərbaycan
ilə Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan
dərin qardaşlıq təməli üzərində qurulub. Son illərdə isə bu əlaqələr strateji tərəfdaşlıq
səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir.
Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik
məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər, Türk dünyasının gələcəyi
üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan münasibətləri son
illərdə xüsusi dinamizm qazanıb. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək
səviyyəli görüşlər, birgə imzalanan sənədlər və yaradılan institusional mexanizmlər
strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırıb.Azərbaycan və Özbəkistan
arasında energetika sektorunda əməkdaşlıq və "yaşıl enerji"nin
inkişafı da prioritet istiqamət olaraq qalır.
Noyabrın
16-da Özbəkistanın paytaxtı Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət
görüşü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanın
Milli İnformasiya Agentliyinə (UzA) müsahibə verib. Müsahibəsə iki dövlət
arasında iqtisadi əlaqələrin inkişafına xüsusi yer ayrılıb. Qeyd edilib ki, iki
dövlət arasında iqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur.
Hər iki tərəf qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli səylər
göstərir, yeni layihələr irəli sürür və birgə təşəbbüslərin həyata keçirilməsinə
xüsusi əhəmiyyət verir. Bu gün Azərbaycanda təxminən 120 Özbəkistan
investisiyalı kommersiya təşkilatı qeydiyyatdan keçib və iqtisadiyyatın müxtəlif
istiqamətlərində – sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat və xidmət sahələrində
uğurla fəaliyyət göstərir.
Azərbaycanla
Özbəkistan arasında ticarət sürətli templə inkişaf edir. Belə ki, 2024-cü ildə əmtəə
dövriyyəsi 252 milyon ABŞ dolları təşkil edib və 2025-ci ilin yanvar-sentyabr
aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87,5 faiz artaraq
319 milyon ABŞ dollarına çatıb.Bu günədək Özbəkistan Azərbaycan iqtisadiyyatına
21,8 milyon ABŞ dolları, həmçinin Azərbaycan Özbəkistan iqtisadiyyatına 183,5
milyon ABŞ dolları sərmayə qoyub. 2023-cü ildə həm ölkələrimizin daxilində, həm
də üçüncü ölkələrdə sərmayə qoyuluşunu nəzərdə tutan ümumi kapitalı 500 milyon
ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb.Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası
Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin
müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd etmək lazımdır.
Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu
istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır.Azərbaycan qardaş
Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə
maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur.
Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi
baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin
maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə
töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.
Azərbaycan
və Özbəkistan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş
nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir.
Bu sahədə ölkələrimizin Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı
xüsusi əhəmiyyətə malikdir və onun çərçivəsində Azərbaycan Özbəkistan və Mərkəzi
Asiya dövlətləri üçün mühüm tranzit ölkə qismində çıxış edir. Son illərdə Orta
Dəhliz vasitəsilə ixrac imkanlarının və daşımaların artması xüsusi strateji əhəmiyyətə
malikdir.2024-cü ildə iki ölkə arasında tranzit daşımaların həcmi 2023-cü illə
müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu keçib. 2025-ci ilin ilk
doqquz ayında bu rəqəm təxminən bir milyon tona çatıb ki, bu da nəqliyyat
mübadilələrində dinamik artımı nümayiş etdirir.
Azərbaycanda
yaradılan müasir nəqliyyat infrastrukturu, o cümlədən ticarət donanması, yaxın
illərdə gücü 25 milyon tona çatacaq Ələt Beynəlxalq Ticarət Limanı,
Bakı-Tbilisi-Qars dəmir yolu və ölkənin doqquz beynəlxalq hava limanı da daxil
olmaqla, bütün bunlar Azərbaycanın qlobal nəqliyyat və logistika qovşağı kimi
rolunu gücləndirən amillərdir. Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün
Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.
Hava
nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət
kəsb edir. AZAL müntəzəm sərnişin reysləri – Bakı-Daşkənd-Bakı (həftədə 7
uçuş), Bakı-Səmərqənd-Bakı (həftədə 2 uçuş) və Bakı-Ürgənc-Bakı (həftədə 2
uçuş) həyata keçirir. Öz növbəsində, “Uzbekistan Airways” Daşkənd-Bakı-Daşkənd
marşrutu üzrə həftədə üç, “Centrum” isə həftədə iki uçuş yerinə yetirir.
Energetika
sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq
qalır. SOCAR Özbəkistana Azərbaycanın neft məhsullarını və neft-kimya məhsullarını
ixrac edir. 2016-cı ildən bəri “OZLITINEFTGAZ” İnstitutunun və “SOCAR NIPI
Nefteqaz”ın bazasında yaradılan “Neftegaztexnologiya” birgə müəssisəsi uğurla fəaliyyət
göstərir.2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin
inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra
strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı
inkişafı və enerji əməkdaşlığını gücləndirmək üçün yeni perspektivlər açır.
Azərbaycan–Özbəkistan
münasibətləri yalnız iki dövlətin maraqlarını deyil, həm də bütövlükdə Türk
dünyasının birliyini və gələcəyini əks etdirən strateji əməkdaşlıq modelidir.
Tarixi bağlar, ortaq dəyərlər, siyasi etimad və iqtisadi sinerji bu münasibətləri
unikal və davamlı edən əsas sütunlardır. Bu əlaqələr bölgədə sülhün, inkişafın
və ortaq gələcəyin əsas təminatçılarındandır.
Arzu
Abdullayeva,
YAP
fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxanasının əməkdaşı.
Digər xəbərlər



