Kökü üstündə güclənən birlik- Azərbaycan və Özbəkistan

2025-11-18 Baxış: 6
img

Son illər Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qarşılıqlı surətdə qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, fəal siyasi dialoqlar, həmçinin dövlət başçılarının ikitərəfli səfərləri əməkdaşlığı daha da möhkəmləndirib. Son bir neçə ildə dövlət başçıları arasında qarşılıqlı səfərlərin və təmasların dinamikası münasibətləri yüksək səviyyəyə çatdırıb. Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olmasından xəbər verir.

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib. Azərbaycan və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan formalaşdırılır. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycanın Özbəkistanla münasibətləri də xüsusi qeyd edilməlidir. Özbəkistan Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiqdir. Dost ölkələri ortaq köklər, mənəvi dəyərlər, dil, etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf edir və ən yüksək müttəfiqlik səviyyəsindədir. İki ölkə arasında münasibətlərin inkişafına təsir edən əsas amillərdən biri də Özbəkistan Prezidenti ilə Azərbaycan Prezidenti arasında yaranan şəxsi etimad və dostluq münasibətləridir. Son bir il yarım ərzində beş qarşılıqlı səfərin baş tutması zamanı onlarla mühüm sənəd, o cümlədən strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə, Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər imzalanıb. Əlbəttə, qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda, həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə əhəmiyyətli təkan verib. Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən biri şaxələndirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsidir. Hava nəqliyyatının inkişafı və şəhərlərimiz arasında uçuşların intensivliyi xüsusi əhəmiyyət kəsb edir. Energetika sektorunda əməkdaşlıq və yaşıl enerjinin inkişafı da prioritet istiqamət olaraq qalır.

Eyni zamanda, mədəni və humanitar əməkdaşlıq ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır. Daşkənddə Heydər Əliyev meydanının yaradılması və Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması öllkələrimiz arasında dostluq münasibətlərinin daha da yaxşılaşdırılmasının göstəricisidir. Bütün bunlar Azərbaycan ilə Özbəkistanın iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərir.

 

Maya Qənbərova

YAP fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi.