Azərbaycan-Özbəkistan müttəfiqliyi sarsılmaz tarixi bağlara əsaslanır.

2025-11-18 Baxış: 5
img

Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir. Bu barədə Prezident İlham Əliyev Özbəkistanın UzA agentliyinə müsahibəsində bildirib.

Dövlət başçısı müsahibəsində ilk növbədə Azərbaycan və Mərkəzi Asiya ölkələrinin vahid tarixi, mədəni və geosiyasi məkanı formalaşdırdığını xüsusi vurğulayır. İlk baxışda coğrafi sərhəd kimi görünən Xəzər dənizinin əslində mühüm birləşdirici amil olduğunu bildirən Prezident İlham Əliyev qeyd edir: “Bu gün Xəzər dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.”

Cənab Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ardıcıl iştirakı bu strateji birliyə verilən dəyərin göstəricisidir. Təkcə coğrafiyanın deyil, həm də ortaq köklərin, dini və mənəvi dəyərlərin, zəngin adət-ənənələrin bu əlaqələrin möhkəm təməli olduğu bəyan edilir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri ikitərəfli əsasda strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Bu əməkdaşlığın uğrunda yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikası həlledici rol oynayır. Son üç ildə Mərkəzi Asiya dövlət başçılarının Azərbaycana 30-a yaxın, cənab Prezident İlham Əliyevin isə qardaş ölkələrə 13 səfəri münasibətlərin yüksək inam səviyyəsini əyani şəkildə nümayiş etdirir. Ölkəmizin başçısı Özbəkistan ilə münasibətlərdə ən yüksək səviyyənin – müttəfiqliyin əldə olunmasını qeyd edərək, bu uğurda Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aralarında yaranmış şəxsi etimad və dostluq münasibətlərini xüsusi qeyd edir: “Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir.” İki ölkə lideri arasında son bir il yarım ərzində baş tutan beş səfər, o cümlədən müttəfiqlik münasibətləri haqqında müqavilə kimi mühüm sənədin imzalanması bunun əyani sübutudur. Cənab Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan-Özbəkistan münasibətlərinin strateji müttəfiqlik çərçivəsində, Orta Dəhlizin geosiyasi əhəmiyyəti fonunda, bütün sahələrdə uğurla inkişaf etdiyini, həm ikitərəfli, həm də Türk Birliyi platformasında region üçün yeni inteqrasiya və inkişaf perspektivləri açdığını bir daha təsdiq edir.

 

 

            Dövran Həsənov,

YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri, Hacıqabul Mərkəzi Rayon Kitabxanasının direktoru.