“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kim də bu haqda şübhə olmasın.”

Ağdam
– adı kimi aydın, taleyi kimi sarsıdıcı, ruhu kimi yenilməz bir şəhər. Onun adı
qədim türk dillərində “kiçik qala” mənasını versə də, bu gün Ağdam həm də böyük
qürurun, dirçəlişin və milli möhkəmliyin rəmzinə çevrilib. XVIII əsrdə Qarabağ
xanı Pənahəli xanın ağ daşdan tikdirdiyi imarət şəhərin adını və simasını
müəyyənləşdirmişdi. O vaxtdan bəri Ağdam — günəşlə nurlanan “ağ ev”,
mədəniyyətin və həyatın beşiyi kimi yaddaşlarda qalıb.
Arxeoloji
tədqiqatlar sübut edir ki, Ağdam torpağı səkkiz min illik sivilizasiyanın
izlərini ehtiva edir özündə. Üzərriktəpədə aparılan qazıntılar, tapılan qədim
əkinçilik və maldarlıq izləri, mis dövrünə aid artefaktlar göstərir ki, bu
torpaq Qafqazda ilk şəhər mədəniyyətlərindən birinin beşiyi olub. Buranın
qədimliyi və zəngin tarixi, elə bil, hər qarışında insan əlinin, zəhmətin və
yaradıcı ruhun nişanəsini daşıyır.
1993-cü
il iyulun 23-də Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biridir. 42 gün
davam edən döyüşlərdən sonra Ağdamın 73 faizi işğal edildi. 128 min insan doğma
yurdundan didərgin düşdü, 6 mindən artıq qəhrəman şəhid oldu. Çörək muzeyi,
məktəblər, məscidlər, mədəniyyət evləri, sənaye müəssisələri – hamısı
yerləyeksan edildi. Ağdam o zaman Qafqazın Xirosiması adlandırıldı. Ermənilərin
törətdiyi dağıntılar təkcə şəhərin daşına, torpağına deyil, bir millətin
yaddaşına vurulan yaraydı.
BMT-nin
853 saylı qətnaməsi, ATƏTin Minsk Qrupunun çağırışları, dünyanın sükutu...
Hamısı o qanlı illərdə haqqın, ədalətin səssiz qaldığını göstərirdi. Lakin
Azərbaycan xalqı sükut etmədi – o, illərlə qisasını, ədalətini, haqqını
ürəyində daşıdı.
2020-ci
ilin 20 noyabrı tarixin dönüş nöqtəsinə çevrildi. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ağdamı döyüşsüz azad etdi. Bu,
həm hərbi, həm siyasi, həm də mənəvi zəfər idi. 27 illik nisgilin yerini 27
illik qürur aldı. Azad olunduqdan sonra Ağdam sürətli yenidənqurma və quruculuq
işlərinin mərkəzinə çevrildi. Prezident İlham Əliyevin 2022-ci ildə təsdiq
etdiyi Ağdam şəhərinin 2040-cı ilədək Baş Planı bu torpağın gələcəyini
müəyyənləşdirən strateji yol xəritəsidir. Artıq şəhərdə beş məhəllə
konsepsiyası üzrə tikinti işləri aparılır, yaşayış binaları, məktəblər,
körpələr evi, parklar və yollar inşa olunur. 2025-ci ilin oktyabrına qədər 825
ailənin – 3318 nəfərin doğma torpağına qayıdışı həyata keçirilib. Ağdam bu gün
Böyük Qayıdış proqramının simvol şəhəri kimi dirçəlir.
İşğaldan
azad olunan ilk illərdə burada əsası qoyulan Ağdam Sənaye Parkı artıq regionun
iqtisadi mərkəzinə çevrilib. 190 hektarlıq ərazidə 28 sahibkarlıq subyekti
fəaliyyət göstərir, 938 nəfər daimi işlə təmin olunub. Bu, sadəcə iqtisadi
inkişaf deyil – Qarabağın həyat damarlarının bərpasıdır.
Mədəniyyətin
paytaxtı kimi tanınan Ağdamda bu gün Muğam Mərkəzi, Zəfər Muzeyi, İşğal Muzeyi,
İmarət Kompleksi, Şahbulaq qalası kimi dəyərlər yeni həyat qazanır. 474 yerlik
konsert zalı, amfiteatr, muzeylər, məktəblər – hamısı bir məqsədə xidmət edir:
Ağdamın ruhunu geri qaytarmaq.
Bu gün Ağdamda dəmir yolu,
avtovağzal kompleksi, yeni yaşayış massivləri, məktəblər, mehmanxanalar, su
anbarları və enerji infrastrukturu ardıcıl şəkildə istifadəyə verilir. Hər
açılışda Prezident İlham Əliyevin sözlərindəki qətiyyət bir daha təsdiqlənir: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin
şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik.
Heç kim də bu haqda şübhə olmasın.”
Prezident
İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr “Ağdam şəhəri
günü” kimi qeyd olunur. Bu tarix təkcə bir şəhərin azadlığı deyil, Azərbaycan
xalqının iradəsinin, mübarizəsinin və qürurunun bayramıdır.
Bu
gün Ağdamda küləklər artıq dağıntıların səsi ilə deyil, yenidən qurulan həyatın
nəfəsi ilə əsir. Və bu nəfəs –
Zəfərin, Dirçəlişin, Böyük Qayıdışın səsidir.
Rəhim İmanov,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xıllı qəsəbə
2 saylı tam orta məktəbin direktoru
Digər xəbərlər



