Ağdamın bir güllə atılmadan azad edilməsi Müzəffər Ali Baş Komandanın siyasi qətiyyətinin təntənəsi idi

Müzəffər
Ali Baş Komandan, Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 31-də
imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli
şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan
silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki,
2020-ci ilin noyabrın 20- Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə
nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Məlumdur
ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli
torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına
başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan
Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan
hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji
mövqeyə çevrilib. Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin
həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə
düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını
qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi
44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub.
Ağdam
düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının
əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada
quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə
geniş döyüş əməliyyatları aparmayıb. Çünki ordumuz bu istiqamətdən hücuma keçsəydi
xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada
bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən
gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna
olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam
etdirib.
Azərbaycan
Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin
Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində
və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb
olub. ən nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin
mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə
məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya
aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin,
Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin
2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam
rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal
altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan
Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.
2020-ci
ilin noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını
qaldırıb.
Son
beş il ərzində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə
Ağdam rayonunda səfərdə olublar, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma
işləri ilə tanış olublar. Rayonda bir çox tədbirlərdə və yeni-yeni bir çox
açılış mərasimlərində iştirak ediblər. Səfərləri zamanı «Azərişıq» ASC-nin
Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin təməli
qoyulub. Həmçinin Ağdam Muğam Mərkəzinin, Ağdam şəhərində salınacaq 2-ci və
3-cü yaşayış məhəllələrinin, Ağdam şəhərində inzibati binanın təməli də
onların iştirakı ilə qoyulub. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri sürətlə
aparılır, yeni infrastruktur qurulur, şəhər dirçəldilir. Artıq rayonun inşa
edilən qəəbələrinə yüzlərlə keçmiş məcburi köçkün ailəsi qayıdıb.
Xatırladaq
ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən
işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni
77,4%-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38
kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət
evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal
altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər
- Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan
edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın
Milli Qəhrəmanıdır.
Hazırda
Ağdamda yaradılan sənaye parkında onlarla zavod və fabrik fəaliyyət göstərir.
Burada istehsal olunan sənaye məhsulları artıq xarici ölkələrə də ixrac olunur.
Bütün bunlar isə onu deməyə əsas verir ki, Ağdam yaxın 10 il ərzində bölgənin
əsas sənaye mərkəzi olacaqdır.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri



