Ağdam: Zəfərin izi ilə yenidən dirçələn şəhər

2025-11-19 Baxış: 3
img

20 Noyabr – Ağdam şəhəri günü, Azərbaycanın tarixində həm kədərin, həm də qürurun birləşdiyi xüsusi bir gündür. Bir zamanlar “Qafqazın Xirosiması” adlandırılacaq qədər dağıdılmış Ağdam, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin dediyi kimi: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.”

Ağdam bölgəsi tarixən böyük mədəni, arxeoloji və elmi əhəmiyyətə malik olmuşdur. Qafqaz Albaniyası dövründən başlayaraq müxtəlif sivilizasiyaların izlərini özündə yaşadan bu torpaq, həm də muğam mədəniyyətinin beşiklərindən biridir. Qarabağ xanlığının mərkəzlərindən biri olan Ağdamın tarixi şəxsiyyətləri, memarlıq abidələri və qədim yaşayış məskənləri bu ərazinin zəngin irsini təsdiqləyir.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Ağdam üçün yeni bir dönəmin başlanğıcı oldu. Ermənistan ordusunun könüllü şəkildə Ağdamdan çıxması ilə şəhər işğaldan azad edildi və Böyük Qayıdış prosesinin ilk addımları məhz burada atıldı. Şəhərin tamamilə yerlə-yeksan edilməsi, minalarla çirkləndirilməsi və infrastruktursuzluğu dövlət qurumlarının genişmiqyaslı yenidənqurma işlərini tələb edirdi.

Ağdamın gələcəyi isə artıq dəqiq xəritələnib. “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” şəhərin müasir, yaşıl və dayanıqlı konsepsiya əsasında qurulmasını nəzərdə tutur. Yeni yaşayış massivləri, təhsil və səhiyyə müəssisələri, piyada küçələri, təhlükəsiz və ekoloji mühit – bütün bunlar Ağdamın yeni simasının konturlarını formalaşdırır.

Bərpa və quruculuq işləri çərçivəsində Prezident İlham Əliyev azad olunmuş şəhərə mütəmadi səfərlər edib. 19 sentyabr 2024-cü ildə Eyvazxanbəyli kəndinin təməli qoyuldu, Kəngərli və Xıdırlı kəndlərində bərpa işlərinə baxış keçirildi, sənaye parkında yeni zavodların açılışı oldu, Ağdamın tarixi rəmzi olan İmarət Kompleksi istifadəyə verildi. “Aghdam City Hotel”in və “İmarət” stadionunun təməlqoyma mərasimləri şəhərin turizm və idman potensialının inkişafına mühüm töhfə oldu.

2025-ci ildə də Ağdamda sürətli inkişaf davam etdi. Fevral ayında Prezident “Hilton Garden Inn” hotelində tikinti prosesini yoxladı, Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksi istifadəyə verildi. Muğam Mərkəzinin bərpası, yaşayış komplekslərinin inşası, məktəb və bağça binalarındakı işlər Ağdamın yaşayış üçün tam hazır bir şəhərə çevrilməsinin parlaq nümunələridir. 27 mart 2025-ci ildə Sarıcalı kəndinin birinci mərhələsinin açılışı Böyük Qayıdış proqramının növbəti uğuru kimi tarixə düşdü.

Bu gün Ağdam təkcə bərpa olunan şəhər deyil, həm də milli qayıdışın, dövlət iradəsinin və tarixi ədalətin təntənəsinin rəmzidir. Zamanında viran edilmiş bu torpaq indi inkişaf edən sənaye mərkəzinə, müasir şəhər infrastrukturuna və mədəniyyət ocağına çevrilir. Ağdamın dirçəlişi Qarabağın ümumi dirçəlişinin güzgüsüdür.

20 Noyabr – Ağdam şəhəri günü bu böyük dönüşün, yenidən doğuşun və xalqın yenilməz iradəsinin rəmzi olaraq tarixdə qalacaq.

 

            Aytən İmanova,

            YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.