Ağdamın azad olunduğu şanlı gün - 20 noyabr 2020-ci il

2025-11-19 Baxış: 3
img

Noyabrın 20-si Ağdam şəhərinin erməni işğalından qurtuluşunun beşinci ildönümüdür. Bu, yalnız bir şəhərin azad edilməsi deyil, 30 il davam edən Qarabağ həsrətinin sonlanması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Vətən müharibəsindəki böyük zəfərimizin şanlı bir hissəsidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. Əksinə ola bilərdimi? Bəli, bizim qəhrəman igid oğullarımız öz qanı, canı hesabına digər kənd və şəhərləri azad etdiyi kimi Ağdamı da azad edərdi. Ancaq Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi davam etdiyi müddətdə dəfələrlə vurğulayırdı ki, “ Ermənistan rəsmi olaraq, qoşunların ərazilərimizi tərk etməsi ilə bağlı bizə cədvəl versin, biz dayanaq”. Biz qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi, digər qəsəbələr döyüş meydanında azad edildi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonları bizə siyasi yollarla qaytarılsın. Ağdamın işğaldan azad edilməsi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan xalqının iradəsi və qəhrəman ordusunun gücü ilə əldə edilən bir qələbədir.

2020-ci ilin 20 noyabrı, Azərbaycan xalqı üçün çox böyük bir tarixdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Ordusu bu gün Ağdamı azad edərək, bütün Qarabağ və Şərqi Zəngəzurun azadlığına gedən yolu açmışdır. Bu, 30 illik işğal dövrünün sona çatması, Azərbaycan xalqının müstəqilliyini və suverenliyini qorumaq uğrunda mübarizənin rəmzi idi. Ağdam, bu zəfərin simvoludur və bu tarix, həm də Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında necə uğurla həyata keçirildiyini göstərən bir nişanədir. Ağdamın bərpası, həm də Vətən müharibəsinin şanlı qazilərinin və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməkdir. Ağdamda inşa edilən hər bir bina, hər bir məhəllə, şəhidlərimizin qanı və qazilərimizin çəkdiyi əzabların müqabilində həyata keçirilən böyük bir təşəbbüsdür. Şəhidlərimiz, bizə yalnız bu torpaqları deyil, həm də bu torpaqlarda azad, müstəqil və firavan bir həyat qurmaq yolunda böyük iradə miras qoyublar.

Ağdamın gələcəyi parlaqdır. Bu şəhər, yalnız tarixi və mədəni irsini qorumaqla kifayətlənməyəcək, həm də Azərbaycanın inkişaf edən və müasir bir bölgəsinə çevriləcəkdir. Qarabağ və Azərbaycanın digər işğaldan azad olunmuş əraziləri, yeni infrastruktur, müasir yaşayış şəraiti və güclü iqtisadiyyatla dirçəldiləcəkdir.

 

            Elman Nəcəfov,

YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri, Hacıqabul rayon Statistika İdarəsinin rəisi.