Ağdam - Qafqazın Xirosiması

Ağdam
27 il erməni işğalı altında qaldı. Bu müddətdə Ağdamda saysız-hesabsız
dağıntılar törədildi. Şəhərdəki bütün tikililər, yaşayış evləri, dövlət
binaları, xəstəxanalar, kitabxanalar, məktəblər, tarixi, dini, mədəni abidələr,
qəbiristanlıqlar dağıdıldı. Ağdamda törədilmiş vəhşilik, talançılıq, barbarlıq,
dağıntı və qarət xarici ekspertlərin, beynəlxalq jurnalistlərin də diqqətindən
yayınmayıb. Hələ 2001-ci ildə Ağdama səfər edən britaniyalı jurnalist Ağdamı
Yaponiyanın 1945-ci ildə atom bombası atılmış Xirosima şəhəri ilə müqayisə
etmişdi.
Azərbaycanın
Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə
atılmadan düşmən tapdağından azad olunub.
Belə
ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli
torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına
başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan
Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan
hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji
mövqeyə çevrilib. Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin
həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə
düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını
qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi
44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub. Ağdam düşmən tərəfindən
bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu
istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından
Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları
aparmayıb. Çünki ordumuz bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi.
Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna
baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib.
Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün
əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib. Azərbaycan
Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin
Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində
və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb
olub. Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin
mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə
məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya
aktını imzalamağa məcbur olub. Beləliklə, 2020-ci ilin noyabrın 10-da imzalanan
üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana
qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan
tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil
olub və orada bayrağımız ucaldılıb. Həmin ilin noyabrın 23-də Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət
başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb.
Vətən
müharibəsindən sonra rayon ərazisində infrastrukturun bərpasına və yenidənqurma
işlərinə başlanılıb. Ötən müddət ərzində Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva dəfələrlə Ağdamda səfərdə olublar. Rayonda bir çox tədbirlərdə
və yeni-yeni bir çox açılış mərasimlərində iştirak ediblər.
Maya
Qənbərova
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi.



