YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır.

Əslində müstəqilliyimizin ilk illərində yaşadığımız
hərci-mərclik dövlətimiz və millətimiz üçün nə qədər çətin və təhlükəli olsa
da, bizə xalq olaraq xilas yolunu öyrətdi. Xalq anladı ki, sözün əsl
mənasında müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindi,
müstəqil və güclü dövlətə sahib olmaq üçün güclü lider lazımdır. Biz xoşbəxt
xalqıq ki, məhz lazımi anda güclü lider - Heydər Əliyev kimi dahi şəxsiyyət
xalqın yanında oldu. Xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra bütün bu xaosa, ölkəni tənəzzülə aparan hərc-mərcliyə
son qoyuldu, Azərbaycan sözün əsl mənasında müstəqil dövlətə çevrildi. Həmin
andan bu günə kimi Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan
Partiyasının böyük rolu var.
Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası
xalqın partiyasıdır, “dünənin, bu günün və sabahın partiyası”dır. Yeni
Azərbaycan Partiyasının böyük tarixi nailiyyətlər qazanmasının nəticəsidir ki,
onun sıraları ildən-ilə genişlənir. YAP artıq ölkəmizin deyil, Cənubi Qafqazın
ən böyük siyasi partiyasıdır.
Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından
sonra müstəqilliyimizi dönməz və sarsılmaz etdi, Azərbaycan daim inkişaf yolu
ilə inamla irəlilədi, onun sədrliyi ilə yaradılan Yeni Azərbaycan
Partiyası isə Azərbaycanın inkişaf yolunda aparıcı siyasi qüvvə rolunu oynadı.
Yeni Azərbaycan Partiyası yaranan andan onun əsas məqsədi Azərbaycan
xalqına xidmət etmək, xalqın rifahını qaldırmaq, Azərbaycanı güclü dövlətə
çevirmək idi. YAP-ın yarandığı tarixdən bu günə ötən 30 ildən artıq müddətdə
Partiyanın qurucusu Ulu Öndərin və sonrakı sədri cənab İlham Əliyevin misilsiz
xidmətləri olmuşdur.
Yarandığı andan bu günə qədər Yeni Azərbaycan Partiyası
hər bir qurultayı Azərbaycanın siyasi həyatında mühüm hadisə olmuşdur. 2005-ci il 26 mart tarixində keçirilmiş
YAP-ın III qurultayı xüsusi yer tutur. Məhz həmin vaxt Partiyanın yeni sədri
cənab İlham Əliyev seçilmişdir. Bu mənada 5 mart 2021-ci il tarixində
keçirilmiş Yeni Azərbaycan Partiyasının sonuncu-VII Qurultayının rolu da xüsusi
qeyd edilməlidir. VII Qurultayda partiyamızın rəhbər strukturlarının yenidən
formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edilmiş və YAP-ın yeni
Nizamnaməsi təsdiq olunmuşdur. Yeni Nizamnamənin təsdiq edilməsi yol xəritəsi
kimi partiyamızın gələcək fəaliyyətinin istiqamətlərini dəqiqləşdirməkdə
olduqca vacibdir.
Ümumiyyətlə, YAP-ın VII Qurultayında qəbul olunmuş vacib qərarlar
partiyanın fəaliyyətində müsbət mənada böyüş dəyişikliklərə səbəb olmuşdur. VII
Qurultay zamanı Partiyadaxili struktur islahatları həyata keçirilmiş və bir çox
mühüm təşkilati məsələlər həll edilmişdir. Bu islahatların əksəriyyəti ölkədə
həmrəylik mühitinin bərqərar olunması və siyasi münasibətlərin subyektləri
arasında sağlam dialoqun formalaşdırılmasına xidmət etmişdir.
Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası kimi, həm də ən çox
üzvə sahib siyasi qüvvə kimi ölkədə həmrəylik mühitinin bərqərar olunmasına
sağlam dialoqun formalaşdırılmasına hər zaman böyük töhfə verib. VII Qurultay
zamanı ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması
barədə müraciətlərinin müsbət həllini tapması ölkədə hökm sürən bu dialoq
mühitinin nəticəsi idi. Yeni Azərbaycan Partiyası həm də iqtidar partiyası
kimi, iqtidar-müxalifət dialoqunun hüquq bərabərliyi şəraitində səmərəli
qurulmasına xidmət edir. 2021-ci ilin 21 oktyabr tarixində Yeni
Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət
partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir
nümunədir.
YAP-ın VII qurultayından keçən dövr ərzində Partiyanın strukturunun
yenilənməsi, təkmilləşdirilmiş hüquqi bazanın yaradılması, kadr siyasətinin
yenilənməsi, maliyyə dayanıqlılığının təmin olunması, ideoloji işin
səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi böyük
uğurla həyata keçirilmişdir.
Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Partiyamızın
Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bu hədəfə doğru gedirdik.
Xalq və iqtidarın bir yumruq kimi birləşməsi nəticəsində cəmi 44 gün ərzində
tarixi ədalət bərpa olundu və düşmən torpaqlarımızdan qovuldu. Əldə olunmuş
tarixi Qələbə sayəsində Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Azərbaycanın həyatında
tamamilə yeni dövrün əsası qoyuldu. Bu quruculuq işlərində hər birimiz böyük həvəslə,
bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba
torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün
dünyaya bir daha göstərək ki, biz böyük xalqıq.
Nicat Cəfərov,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının
sədri
Neftçala rayon Təhsil
Sektorunun müdiri



