YAP tarixi zərurətdən yaranan xalq partiyasıdır

Ulu Öndər Heydər Əliyevin qurucusu
olduğu Yeni Azərbaycan Partiyası (YAP) yarandığı zamandan keşməkeşli yol keçib
və qısa müddətdə ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli
Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə
daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm
ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə
böyük uğurlara imza atıb. Hər bir siyasi partiyanın keçdiyi yolu tədqiq etmək
üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın
hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir.
Fəaliyyət göstərdiyi 33 il ərzində böyük
inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o
dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin
məntiqi nəticəsi idi. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan
Partiyasının yaradılmasını tarixi zərurət kimi qiymətləndirərək söyləyirdi:
“Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin
içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı
şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə
yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir
ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən
adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən
hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində
yaranmışdır”.
Müstəqilliyin bərpasının ilk illərində
ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül demək olar ki,
suverenliyimizə böyük zərbələr vurmuşdu. Ölkə siyasi və iqtisadi böhran
keçirirdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə
Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə
“91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu
və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış
insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər
Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Xalqımızın dahi oğlu, tanınmış dövlət
xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada
şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri
vəzifəsində çalışırdı. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun
Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı
yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu
Naxçıvana gedərək YAP-ın təsis konfransını orada keçirməyə nail oldular.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu
konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirildi.
Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar,
partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev
yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə
Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində
öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə
çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
33 ildir şərəfli yol keçən qələbələr
partiyası YAP öz sıralarında yüz minlərlə insanı birləşdirir. Azərbaycanın
müstəqillik tarixində qazandığı hər bir uğurunda YAP-ın öz dəst-xətti, rolu
vardır. Bu siyasi təşkilat fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası
oldu. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü
Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü. Onun
düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu, bu partiyanın arzularındakı
siyasi təsisat olduğunu fərq etdi. Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya
çevrildi. Bu hadisənin özü Heydər Əliyev şəxsiyyətinə inamı ifadə etməklə
yanaşı, eyni zamanda, YAP-ın yaranmasında ifadə olunan tarixi zərurəti və
partiyanın yaranması faktına tarixin özünün çox qısa bir zaman keçdikdən sonra
haqq qazandırmasını əks etdirirdi.
Son 22 ilin uğurları möhtərəm
Prezidentimiz İlham Əliyevin hər bir vədini əməli fəaliyyəti ilə təsdiqlədiyini
göstərir. Dövlət başçısının əsas amalı ərazi bütövlüyümüzün bərpası,
ərazilərimizin işğaldan azad edilməsi idi. Bu illər ərzində Azərbaycan bütün
sahələrdə gücləndi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza
yaradıldı, ordumuz Qələbəyə hazırlandı. Ölkə Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Dağlıq
Qarabağ münaqişəsi tarixə qovuşdu, ərazi bütövlüyümüz bərpa edildi. Ali Baş
Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı, Qələbəmizin
əsas qəhrəmanı kimi yazdı. Dövlət başçımız ata vəsiyyətini yerinə yetirdiyi
üçün xoşbəxtliyini Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsi müjdəsini
Şəhidlər xiyabanından xalqımıza çatdırarkən belə ifadə etmişdir: “Mən bu gün
ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş
əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.
Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu
şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya
azərbaycanlıları!”
Bütün bu uğurlarımız xalq-iqtidar
birliyini daha da möhkəmləndirməklə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında
aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının da nüfuzunu artırır, yeni-yeni
hədəflərə doğru inamla irəliləməsinə stimul verir. YAP tarixdə qələbələr və
zəfərlər partiyası kimi imic qazanıb. Partiyanın qəbul etdiyi qərarlar, irəli
sürdüyü təşəbbüslər ümumilikdə dövlətimizin daha da güclənməsinə, nüfuzunun
artmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edir. Möhtərəm
Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası nəinki
Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Bu
gün YAP dünyanın ən nüfuzlu siyasi partiyaları ilə fəal şəkildə əməkdaşlıq
edir. Əməkdaşlığa daim açıq olan YAP partiyalararası siyasi dialoqa öz
töhfələrini verir.
İsmayıl
İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının
sədri
Digər xəbərlər



