Yeni Azərbaycan Partiyası, xalqın və qalibiyyətin partiyasıdır

Yeni Azərbaycan Partiyasının yaranması
cəmiyyətdəki narahatlıqları ifadə edən bir çağırış və milli birliyə xidmət edən
addım olaraq tarixə yazıldı.
Azərbaycan xalqının Ümummilli Lideri, şərəfli
həyatını millətimizin rifahına həsr etmiş Heydər Əliyevi yenidən siyasi
hakimiyyətdə görmək xalqımızın ən böyük arzusu idi. Yalançı meydan
qəhrəmanlarından və onların qurduğu yeni partiyalardan yorulan toplum həqiqi
xalq lideri Heydər Əliyevi siyasi səhnədə görmək istəyirdi.
Vətəndaşlar xalqın sözünün həqiqətən
eşidiləcəyi, ritorikadan uzaq, daha demokratik bir sistem axtarışında idilər.
Cəmiyyətdə formalaşan bu ehtiyac uzun illər yığılıb qalmış ümidlərin və
gözləntilərin təbii ifadəsi kimi meydana çıxmışdı. İnsanlar yeni siyasi mühit,
real islahatlar və daha ədalətli idarəetmə arzulayırdılar. Bu mənada Yeni
Azərbaycan Partiyasının yaradılması Azərbaycanın ağır və sınaqlarla dolu bir
dövrünə təsadüf etdi. Ölkənin gələcəyini düşünən ziyalılar məsuliyyətli bir
addım ataraq xalqın etimadını qazanacaq yeni siyasi təşkilat ideyasını irəli
sürdülər. Bu təşəbbüs cəmiyyətin içindəki narahatlığı sözə çevirən bir çağırış
idi və milli birliyə xidmət edən addım kimi tarixə yazıldı. Bir qrup
ziyalıların Ulu Öndər Heydər Əliyevə müraciəti partiyanın yaranmasının təməlini
qoydu. Ziyalıların cəsarətli addımı, ölkəni dağıdıcı proseslərdən qoruyaraq
yeni siyasi səhifənin açılmasına yol verdi. Ardınca keçirilən təsis konfransı
bütün regionları təmsil edən 550 nəfərlik qrupun iştirakı ilə partiyanın
nizamnaməsini, proqramını və rəhbərliyini təsdiqlədi. Bu tarix Azərbaycanın
siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu.
1992-ci ilin 21 noyabrında Naxçıvanda
tarixi bir an yaşandı.Təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis
konfransında Yeni Azərbaycan Partiyasının yaradılması qərara alındı. Bu böyük
siyasi təşəbbüsün önündə isə Ulu Öndər Heydər Əliyev dayandı və böyük lider
yekdilliklə partiyanın sədri seçildi. Həmçinin, partiyanın Siyasi Şurası, İdarə
Heyəti və sədr müavinləri müəyyən edildi. Beləliklə, müstəqil Azərbaycanın
taleyində yeni bir səhifə açıldı. Yeni Azərbaycan Partiyası xalqın ümidlərini,
dövlətçiliyin inkişafını və demokratik gələcəyə inamı öz üzərinə götürdü. Qısa
müddət ərzində Yeni Azərbaycan Partiyası cəmiyyətin aparıcı siyasi qüvvəsinə
çevrildi, demokratik siyasi mədəniyyətin inkişafında rol oynadı və ümumxalq
partiyası olaraq sabitlik, inkişafın təminatçısı oldu. Struktur yenilənmələri,
idarəetmə islahatları və strateji qərarlar partiyanın çevikliyini artırdı,
ictimai dəstəyini genişləndirdi. Bu proses göstərdi ki, Yeni Azərbaycan
Partiyası yalnız siyasi təşkilat deyil, həm də dövlətin inkişafı və cəmiyyətin
birliyi uğrunda çalışan mühüm institutdur.
Yeni Azərbaycan Partiyası fəaliyyətə
başladığı andan etibarən konstruktiv mövqe sərgilədi. Qısa zamanda ölkə
rəhbərliyinə gələn partiya Ümummilli Lider Heydər Əliyevin iradəsi və uzaqgörən
siyasəti sayəsində müstəqilliyi təhlükə altında olan və vətəndaş müharibəsinin
astanasında dayanan Azərbaycanın xilaskarı oldu və tarixə Ümummili Lider kimi
imza atdı.
Sonrakı illərdə Partiyanın şərəfli
ənənələri Heydər Əliyevin siyasi irsinin layiqli davamı olaraq Prezident İlham
Əliyevin rəhbərliyi altında daha da möhkəmləndi. YAP sədri kimi Prezident İlham
Əliyev ölkənin sosial-iqtisadi inkişafını sürətləndirərək milli birliyi
gücləndirdi və Qarabağ zəfəri ilə Azərbaycanın tarixində unudulmaz bir səhifə
açdı.
Milli birlik uğrunda fəaliyyətin əsas
dayaqlarından biri kimi YAP ölkədə partiyalararası siyasi dialoqun inkişafına
öncüllük edir. Dövlət siyasətinin prioritetlərindən olan siyasi dialoq
təcrübəsi, YAP-ın təşəbbüsləri ilə daha da zənginləşir. İslahatlar partiyası
olaraq YAP yeni zirvələrə doğru inamla addımlayır və mənsubiyyətindən asılı
olmayaraq hər bir vətəndaşın partiyasıdır.
Partiyanın fəaliyyətində şəffaflıq və
vətəndaş mərkəzli yanaşma hər zaman ön plandadır. YAP ölkədə sosial ədalətin
möhkəmlənməsi və ictimai iştirakçılığın artırılması üçün davamlı təşəbbüslər
göstərir. Xüsusi ilə gənclərin və qadınların ictimai-siyasi həyatdakı rolunun
genişləndirilməsi partiyanın əsas prioritetlərindən biridir. Qurtuluşdan zəfərə
uzanan şərəfli yol partiyanın həm tarixdə, həm də hazırkı dövrdə cəmiyyətin
birləşdirici qüvvəsi olduğunu göstərir. Əminliklə qeyd etmək olar ki, gələcək
uğurlar yolunda YAP millətin birliyini və inkişafını daim ön planda
saxlayacaqdır. Çünki YAP qalibiyyət partiyasıdır!
YAP Hacıqabul rayon Təşkilatının
sədr müavini Hökmalı Mirzəyev
Digər xəbərlər



