Xalqın seçimi, dövlətin dayağı: YAP-ın yaranmasından yeni zirvələrə gedən tarixi yol

2025-11-21 Baxış: 8
img

1992-ci il 21 noyabr tarixi müasir Azərbaycan siyasi həyatının ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qalıb. Bu gün ölkəmizin ictimai-siyasi proseslərində aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının təsis konfransı məhz həmin tarixdə keçirildi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, milli məsuliyyəti və dövlətçilik düşüncəsi əsasında yaranan YAP, illər keçdikcə Azərbaycanın sabitlik, inkişaf və tərəqqi yolunda əsas dayaqlardan birinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” sözləri partiyanın mahiyyətini və missiyasını aydın şəkildə ifadə edir. 1990-cı illərin mürəkkəb və ziddiyyətli dövründə Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi mühitində obyektiv zərurət idi. Xalqın istəyi və dövlətçilik maraqları partiyanın yaranmasını sürətləndirən əsas faktorlar oldu.

YAP bu gün təkcə siyasi təşkilat deyil, xalqın maraqlarını, dövlətin inkişaf strategiyasını və gələcəyə yönəlmiş milli ideologiyanı özündə birləşdirən böyük ictimai qüvvədir. Bu səbəbdən də partiya tez bir zamanda “xalqın partiyası” adına layiq görüldü. Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi partiyasına çevrilməsi isə YAP-ın illərlə gördüyü sistemli işin, düzgün strategiyanın və geniş siyasi dəstəyin nəticəsidir. Prezident İlham Əliyevin YAP-ın VII qurultayında söylədiyi “Hazırda YAP-ın 730 mindən çox üzvü var… Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizdə gedən proseslərin mərkəzində olacaq” fikirləri partiyanın gücünü və ölkənin siyasi həyatındakı rolunu bir daha təsdiqləyir.

2003-cü ildə xalqın Heydər Əliyev siyasətinə səs verməsi ilə YAP-ın inkişafının yeni mərhələsi başlandı. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dövr ərzində Azərbaycan tarixi nailiyyətlər əldə etdi, dövlətçiliyimiz daha da möhkəmləndi, iqtisadiyyat sürətlə inkişaf etdi, regionda və dünyada ölkəmizin nüfuzu əhəmiyyətli dərəcədə artdı. Bu uğurlar möhkəm təməlin üzərində qurulmuş yeni dövr kimi ölkə tarixində xüsusi yer tutur.

Bu gün YAP-ın fəaliyyətində müasir tendensiyalar, bölgədə formalaşmış yeni reallıqlar və inkişaf strategiyasında yenilənmə prioritet olaraq qalır. Partiyanın yeni Proqramında həm daxili idarəetmənin müasirləşməsi, həm də ictimai-siyasi proseslərə daha çevik və effektiv reaksiyanın verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri isə Azərbaycanın qarşısında duran milli hədəflərin vahid siyasi iradə ilə həllinin vacibliyini göstərir.

Son seçkilərin nəticələri də xalqın YAP-a olan yüksək etimadının təzahürüdür. Bu etimad partiyanın gələcək inkişafına, qarşıdakı hədəflərə inamı daha da artırır.

Nəticə etibarilə, Yeni Azərbaycan Partiyası yaranmasından etibarən ölkənin taleyüklü dönəmlərində milli iradəni ifadə edən, dövlətin strateji istiqamətlərinə yön verən və gələcəyə inamla addımlayan siyasi qüvvədir. Bu gün YAP həm dünənin təməlini, həm bu günün inkişafını, həm də gələcəyin daha güclü Azərbaycanını formalaşdıran başlıca amillərdən biri olaraq qalmaqdadır.

 

 

Heydər Əliyev Mərkəzinin

Direktoru Aytən İmanova