Hacıqabul rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33 illiyi münasibəti ilə tədbr keçirildi.

21
noyabr 2025-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Yeni Azərbaycan
Partiyasının təsis edilməsinin 33 illiyi” münasibətilə ilə tədbir keçirildi. Tədbirdə
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Yeni Azərbaycan
Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Hacıqabul rayon təşkilatının
sədri İsmayıl İbrahimov, rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, və
partiya fəalları iştirak etdilər.
İlk
öncə tədbir iştirakçıları tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
etdilər, abidə önünə gül dəstələri düzərək, öz ehtiramlarını bildirdilər.
Müasir-müstəqil Azərbaycanın memarı,
Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımız
uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edildi.
YAP Hacıqabul rayon təşkilatının sədri
İsmayıl İbrahimov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Müstəqilliyin
bərpasının ilk illərində ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi
tənəzzül demək olar ki, suverenliyimizə böyük zərbələr vurmuşdu. Ölkə siyasi və
iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının
imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni
tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün
xalqın arzu və istəklərinin ifadəsi idi.
Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi
və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev xalqın müraciətini qəbul
etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması
ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən
ibarət təşəbbüs qrupu Naxçıvana gedərək YAP-ın təsis konfransını orada
keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş
nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər
Əliyevin Sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının
yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi.
Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə,
partiyanın Siyasi Şurası, İdarə Heyəti və Sədrin müavinləri seçildi. Beləliklə,
müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və
xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Hacıqabul
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası
yarandığı zamandan keşməkeşli yol keçib və qısa müddətdə ümumxalq partiyasına
çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına
yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya
olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi
proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. 33 ildir
şərəfli yol keçən qələbələr partiyası YAP öz sıralarında yüz minlərlə insanı
birləşdirir. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda
YAP-ın öz dəst-xətti, rolu vardır.
Yeni
Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov çıxış edərək
qeyd etdi ki, fəaliyyət göstərdiyi 33 il ərzində böyük
inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o
dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin
məntiqi nəticəsi idi. Son 22 ilin
uğurları möhtərəm Prezidentimiz İlham Əliyevin hər bir vədini əməli fəaliyyəti
ilə təsdiqlədiyini göstərir. Dövlət başçısının əsas amalı ərazi bütövlüyümüzün
bərpası, ərazilərimizin işğaldan azad edilməsi idi. Bu illər ərzində Azərbaycan
bütün sahələrdə gücləndi, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi
baza yaradıldı, ordumuz Qələbəyə hazırlandı. Ölkə Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Dağlıq
Qarabağ münaqişəsi tarixə qovuşdu, ərazi bütövlüyümüz bərpa edildi. Ali Baş
Komandan İlham Əliyev adını tariximizə torpaqlarımızın xilaskarı, Qələbəmizin
əsas qəhrəmanı kimi yazdı.
Tədbirdə
Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin
direktoru, YAP fəalı Aytən İmanova, Hacıqabul Rayon Su Meliorasiya Sistemlərinin
İstismarı İdarəsinin rəisi, ərazi partiya təşkilat sədri Səyavuş Məmmədov və 2
nömrəli tam orta məktəbinin direktoru, YAP-ın gənc üzvü Şölə İbrahimova Yeni Azərbaycan
Partiyasının təsis edilməsinin 33 illiyi münasibəti ilə çıxışlar etdilər.
Tədbir Ağacəkmə aksiyası ilə davam
etdirildi. Hacıqabul şəhərinin qərb
hissəsində, Hacıqabul-Muğan avtomobil yolunun kənarında keçirilən ağacəkmə
aksiyasında yolunun kənarında tuya və sərv ağacı olmaqla ümumilikdə 100-dən
artıq ağac və dekorativ köl əkildi. Ərazidə təmizlik-abadlıq işləri aparıldı,
yeni əkilən tinglər suvarılıb aqrotexniki qaydada qulluq göstərildi.
Digər xəbərlər



