Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi

Azərbaycan,
Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı
üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Döyüş meydanında rüsvayçı
məğlubiyyətə düçar olan Ermənistanın imzaladığı kapituliyasiya aktına əsasən,
noyabrın 25-də Kəlbəcər rayonu Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ
müharibəsində ağıllı, uzaq görən siyasəti nəticəsində və yürütdüyü hərbi-siyasi
yolun davamı olaraq bir güllə atılmadan azad edilərək düşmənin rayondan
çıxmağına məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi
diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması
Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin diplomatik təsdiqidir. Kəlbəcərin
azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı
qətnaməsini, ümumilikdə isə bütün qətnamələrini faktiki olaraq məhz özü
hərbi-siyasi yolla yerinə yetirdi. Bununla bütün dünya şahid oldu ki, XXI əsrin
müharibəsini aparan Azərbaycan xalqı qalib və döyüşkəndir.
Kəlbəcər
zəngin təbii sərvətləri və gözəl təbiəti olan diyardır. Rayonun əlverişli
relyefi, saf dağ iqlimi, mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu
kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafı üçün
geniş imkanlar yaradır. İllərdir bu gözəlliklərdən məhrum olan Azərbaycan xalqı
nəhayət ki, istəyinə çatdı. Azərbaycan ordusu düşməni torpağımızdan qovaraq,
fədakarlıq göstərərək şəhidlərimizin canı, qazilərimizin qanı bahasına füsunkar
təbiəti, əsrarəngiz gözəlliyi ilə seçilən Kəlbəcəri öz sahiblərinə
qaytardı. Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi
bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımız bütöv
Azərbaycanın dayanıqlı inkişafı üçün yeni üfüqlər açır. Hal-hazırda
Kəlbəcərdə quruculuq işləri davam edir.
Müzəffər
Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bu beş ildə dəfələrlə Kəlbəcər
rayonuna səfər etmiş və ilk səfəri zamanı üçrəngli bayrağımızı rayon ərazisində
ucaltmışdır. Cənab Prezident İlham Əliyevin hər bir səfəri çoxsaylı təməlqoyma
və hazır olan obyektlərin açılış mərasimləri ilə zəngin olmuşdur. Kəlbəcər
rayonu böyük təbii enerji potensialına malikdir. Rayon ərazisində külək
elektrik stansiyalarının tikintisi ilə bağlı xarici şirkətlər tərəfindən böyük
maraq vardır. Kəlbəcər şəhərinin Baş planı bölgənin təbii gözəlliyini özündə
ehtiva edir və Baş plana əsasən yaşayış binaları, məktəb, xəstəxana, aşıq
mərkəzi və digər tikililər inşa ediləcəkdir. İşğaldan azad edilmiş digər
ərazilərdə olduğu kimi Kəlbəcər rayonunda da bərpa-quruculuq işləri plan üzrə
aparılır və infrastruktur layihələrinin icrası ölkə başçısının xüsusi
nəzarətindədir. Həyata keçirilən genişmiqyaslı bərpa-qruruculuq işləri Kəlbəcər
rayonunun yeni inkişaf dövrünün başlandığını deməyə əsas verir. Göründüyü
kimi, Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri bu diyarın gözəl
gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən
xəbər verir.
Müzəffər
Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər
rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə”
medalı ilə təltif olunmuşdur. Cənab Prezident İlham Əliyevin 31 iyul 2023-cü il
tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş
əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25
noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub. Şanlı zəfərin təcəssümü – 25
noyabrın Kəlbəcər şəhəri günü artıq beşinci ildir ki, xalqımız tərəfindən böyük
fəxarət və qürur hissləri ilə qeyd olunur. Müharibə bir daha göstərdi kim
kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir.
Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!
Ülviyyə Abdullayeva,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala şəhər 1 saylı tam orta məktəbin direktoru
Digər xəbərlər



