Azad və gülüstan Kəlbəcərdə həyat qaynayır

Azərbaycanın
Gülüstan guşələrindən biri- qədim Kəlbəcərin işğaldan azad edilməsindən 5 il
ötür. İkinci Qarabağ müharibəsindəki 44 günlük şərəfli savaşımızda Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərlliyi ilə Azərbaycan Ordusu Ermənistanı
kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. Bununla da
Kəlbəcər və Laçın rayonları, Ağdam rayonunun işğal altında qalan hissəsi bir
güllə atılmadan mərhələli şəkildə Azərbaycana təhvil verildi. Beləliklə, məlum
üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil
olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Prezident İlham
Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix hər
il Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Xatırladaq
ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də o vaxtkı AXC- Müsavat hakimiyyətinin
səriştəsizliyindən qısa müddətdə ermənilər tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində
onlarla tarixi-mədəniyyət abidəsini, 97 məktəbi, 9 uşaq bağçasını, 116
kitabxananı, 43 klubu, 42 mədəniyyət evini, tarix-diyarşünaslıq muzeyini, 9 xəstəxananı,
75 tibb məntəqəsini, 23 ambulatoriyanı, 9 apteki, yüzlərlə inzibati binanı,
minlərlə evi, çoxlu sayda texnikanı talan edib, dağıdıb və rayonun milyardlarla
manatlıq sərvətini Ermənistana daşımışdılar. İşğal nəticəsində 53 min 340 sakin
öz dədə-baba yurdundan qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir və
itkin düşüb. Rayonun 484 nəfər şəhidi var. Onların 258-i hərbçi, 226-sı mülki şəxsdir.
Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Müzəffər
Ali Baş Komandan İlham Əliyev 2021-ci il avqustun 16-da Kəlbəcər şəhərində Dövlət
Bayrağını ucaltdı və çıxışında bu tarixi hadisənin əhəmiyyətindən danışdı: «Ermənilər
30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri
talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni
torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt
olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların
sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək,
qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq.»
İşğaldan
azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq
işləri aparılır. 2026-cı ilədək rayon ərazisində 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd
olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək. Yaxın
vaxtlarda Kəlbəcər şəhərinə ilkin olaraq 5 min nəfərdən artıq, kənd və qəsəbələrə
isə 8 min nəfərə yaxın məcburi köçkünün qayıdışı nəzərdə tutulur. Artıq bu
qayıdışa başlanılıb.
Yeni
inşa edilən layihələr sırasında Toğanalı-Kəlbəcər avtomobil yolunun inşası
xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən həmin
yolun layihə uzunluğu 80,7 kilometrdir. Həmçinin 2022-ci il iyunun 26-da Azərbaycan
Prezidenti Kəlbəcər rayonunda yeni tikilmiş «Kəlbəcər-1» Kiçik Su Elektrik
Stansiyasının və Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin
açılışlarında iştirak edib, Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub.
Prezident
İlham Əliyev 2023-cü il mayın 27-də Kəlbəcər rayonuna səfəri çərçivəsində hərbi
hospitalın, «Qamışlı» və «Meydan» Kiçik Su Elektrik stansiyalarının
açılışlarında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin, həmçinin
Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. Həmin ilin
avqustun 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər
rayonuna daha bir səfər ediblər. Səfər çərçivəsində bir neçə kiçik su elektrik
stansiyasının açılışı olub və Zar kəndinin təməli qoyulub.
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2024-cü ilin sentyabrın
2-də Kəlbəcər rayonuna səfəri zamanı Tərtər çayı üzərindəki «Yuxarı Vəng»
Su Elektrik Stansiyasının, «İstisu» yarımstansiyasının, «Zar» KSES-in
açılışlarında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda
«Toğanalı» KSES-in açılışını ediblər. Həmin gün Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Kəlbəcərdə «İstisu» mineral su zavodunun da açılışında
iştirak ediblər. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfər sayəsində bu əvəzsiz
və möhtəşəm şəfa ocağı yenidən insanlara sağlamlıq bəxş edir.
Ötən
ilin sentyabrın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər
rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa
olunan 4-cü tuneldə və həmin yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə,
Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli
məktəbin layihəsi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin
tikintisi, Kəlbəcər rayonunda «İstisu» Müalicə-İstirahət Kompleksində aparılan
tikinti işləri ilə tanış olublar. Eləcə də Kəlbəcər şəhərində ikinci yaşayış
kompleksinin, Kəlbəcər şəhərində inzibati binanın, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin
təməli qoyulub. Onlar rayondakı Xudavəng monastır kompleksində də olublar.
Artıq
rayonda aparılan nəhəng quruculuq işləri öz nəticələrini verməkdədir. Belə
ki, kəlbəcərli keçmiş məcburi köçkünlər öz torpaqlarına qayıtmağa başlayıblar.
İndi burada həyat qaynayır, insanlar döğma torpaqlarında azad və rahat şəkildə
yaşayırlar.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



