25 Noyabr Kəlbəcər Şəhəri Gününü qalib və güclü ölkənin vətəndaşları kimi qeyd etmək qürurvericidir

Kəlbəcərin
işğalı Azərbaycanın Birinci Qarabağ müharibəsində ciddi ərazi itkisi ilə yadda
qalmadı, həm də dövlətçiliyimiz üçün ən ağır strateji zərbələrdən biri oldu.
Müdafiə xəttinin səmərəli qurulmaması, hərbi idarəetmədə hökm sürən xaos, vahid
komandanlığın olmaması nəticəsində bu füsünkar diyarımız 1993-cü il aprelin 2-də
Ermənistan Silahlı Qüvvələrinin nəzarəti altına keçdi. Kəlbəcərin işğalının
miqyası yalnız ərazi itkiləri ilə ölçülmədi. Bu faciə zamanı 511 dinc sakin qətlə
yetirildi, 321 nəfər itkin düşdü. Üstəlik, rayonun yüzilliklər boyu formalaşmış
tarixi-mədəni irsi talan edildi, maddi sərvətləri sistemli şəkildə Ermənistana
daşındı, 27 illik işğal dövründə isə Kəlbəcərin təbii ehtiyatları məqsədli şəkildə
istismar olundu. Bütün bunlar beynəlxalq hüququ, humanitar prinsipləri və
regional sabitliyi açıq şəkildə tapdalayan işğalçı siyasətin nəticəsi idi.
Dünya birliyinin fəaliyyətsizliyi isə bu haqsızlığın davam etməsinə şərait
yaratdı. İşğal zamanı səsgücləndiricilərdən yayılan humanistlik iddiaları qısa
müddətdə boş söz olduğu ilə üzə çıxdı. Həmin silahlı birliklər Kəlbəcər əhalisinə
qarşı elə vəhşiliklər törətdilər ki, baş verənlər bölgənin yaddaşına silinməz
faciə kimi həkk olundu. Onların 10 saat möhlət veriləcəyi və mülki insanlara
toxunulmayacağı barədə səsləndirdikləri bəyanatlar isə son nəticədə dinc sakinlərin
gülləbaran edilməsi ilə bitdi və beləliklə bütün o vədlərin gerçək niyyəti
ört-basdır etməkdən başqa heç bir dəyəri olmadığı acı şəkildə təsdiqləndi.
Uzun
illər torpaqlarımız işğal altında olsa da, ümidimizi heç vaxt üzmədik.
İnanırdıq ki, gün gələcək biz yurd yerimizə əbədi qayıdacağıq. Prezident İlham
Əliyevin də qeyd etdiyi kimi Azərbaycan heç vaxt bu işğalla barışmayacaq. 44
gün davam edən Vətən müharibəsinin şəriksiz qəhrəmanı olan İlham Əliyevin
tarixi bəyanatı özünü tam doğrultdu. Bu müharibə nəticəsində torpaqlarımız
işğaldan azad edildi, Ermənistan isə rüsvayçı şəkildə geri çəkilərək təslimçilik
aktına imza atdı. Ali Baş Komandan kimi qələbəni təmin edən İlham Əliyev
Prezident kimi siyasi masada də tarixi uğura imza atdı. 10 noyabr bəyannaməsinin
şərtlərinə uyğun olaraq Kəlbəcər müharibəsiz azad edildi. Ölkəmiz Kəlbəcərə
böyük qayıdışın sevincini yaşayarkən uzun illərin işğalının ağır mirası ilə də
üz-üzə qaldı. Ərazi geniş şəkildə minalanmış, rayon isə demək olar ki, tamamilə
viran qoyulmuşdu. Buna baxmayaraq Azərbaycan dövləti hər hansı xarici yardım və
dəstək gözləmədən, bütün işləri öz gücü hesabına həyata keçirməyə başladı. Qısa
zamanda Kəlbəcər sürətli bərpa və quruculuq prosesinin mərkəzinə çevrildi, yeni
yaşayış məhəllələrinin salınmasına start verildi. Prezident İlham Əliyevin sərəncamı
ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü elan edilib və bu tarixi xalqımız sevinc və
qürur hissi ilə qeyd edir. Kəlbəcər səmasında ucalan bayrağımız isə qəhrəmanlığımızın,
iradəmizin, varlığımızın, qətiyyətli sözümüzün və bütövlüyümüzün rəmzi kimi
qürurla dalğalanır.
Pərvanə
Səfərova,
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi.
Digər xəbərlər



