Qayıdışın və qürurun simvolu - Kəlbəcər şəhəri

2025-11-25 Baxış: 4
img

İkinci Qarabağ müharibəsi Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatmaqla çoxəsrlik tariximizin heç zaman unudulmayacaq səhifəsini yazdı. Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr birgə Bəyanatında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam və Laçın rayonlarının ərazilərini qeyd-şərtsiz tərk etmələri öz əksini tapdı. Xalqımız 5 ildir ki, Ağdam və Kəlbəcərin işğaldan azad edilməsinin sevincini yaşayır.

Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 25-də Kəlbəcərin işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bir daha bildirdi ki, müharibə kimin kim olduğunu göstərdi. Belə ki, Ermənistan məğlub edilmiş, Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər rayonu nəhayət işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illərdi ki, səbirsizliklə gözləyirdi. Beləliklə, Azərbaycan erməni işğalı altında qalan tarixi torpaqlarını öz gücü və əzmi ilə azad etdi. Ayın 25-i Şanlı Azərbaycan Ordusu Kəlbəcərə daxil oldu. Kəlbəcərin düşmən tapdağından azad olunması ilə bağlı Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan etdi ki, biz öz ərazilərimizi işğaldan azad etməklə həm də erməni faşizmini məhv etdik. Regionda işğal siyasəti başda olmaqla ekoloji və mədəni terrora da son qoyuldu. Çünki düşmən Kəlbəcər də daxil olmaqla bizim digər tarixi torpaqlarımızda günahsız insanları öz dədə-baba yurdundan vəhşicəsinə qovmaqla yanaşı, bu ərazilərdəki tarixi abidələrə və təbiətə də böyük ziyan vurmuşdur.

Kəlbəcər işğalçılardan azad edildikdən sonra Azərbaycan tərəfi burdakı bütün tarixi abidələri, o cümlədən dünya əhəmiyyətli dini tarixi abidələr olan Xəzinədağ (Gəncəsər) və Xudavəng məbədlərini bərpa edəcək, onun əsl milli kimliyini - alban tarixini də təqdim edəcək. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var.

Ali Baş Komandanın yorulmaz, qətiyyətli, uzaqgörən siyasəti və rəşadətli Ordumuzun qarşı qoymaq mümkün olmayan gücü və əzmi ilə otuz illik işğala son qoyuldu. Heç şübhəsiz ki, aylar, illər ötəcək, ancaq Azərbaycanın Vətən müharibəsində göstərdiyi cəsarət və vətənpərvərlik unudulmayacaq. Bununla bağlı, kitablar, dərsliklər yazılacaq, müharibədə iştirak etmiş hər bir azərbaycanlı isə qəhrəmanlar olaraq anılacaq.

 

 

            Dövran Həsənov,

YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri, Hacıqabul Rayon Mərkəzi Kitabxanasının direktoru.