Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi

Kəlbəcərin işğaldan azad edilməsindən beş il ötür.
Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi
sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz Ermənistanı
kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. 10
noyabr 2020-ci il tarixində Azərbaycan və Rusiya prezidentlərinin və
Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən Kəlbəcər 15 noyabr
2020-ci il tarixində boşaldılmalı idi. Lakin ermənilər vaxt məhdudiyyətini önə
çəkərək Azərbaycandan əlavə 10 gün vaxt istədi. Ölkəmiz yenə də humanizm
siyasətini nümayiş etdirərək vaxtı 10 gün uzatdı. Beləliklə, noyabrın
25-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Kəlbəcər şəhəri
də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Üçtərəfli
Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının
eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri
boşaldan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə
yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz
vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında
baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş
etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki
obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Son beş ilin qürurverici hadisələrindən biri budur ki,
artıq torpaqlarımızın işğal deyil, işğaldan azad edildikləri tarixləri qeyd
edirik. 30 illik dövrün torpaq həsrətinə son qoyulması, hazırda bütün işğaldan
azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması
hər birimizi sevindirir. Azərbaycan bu torpaqlarda bərpa-quruculuq işlərini öz
daxili imkanları hesabına həyata keçirir. Bu mühüm məqam bir daha təsdiqləyir
ki, arxada qalan illərdə yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil,
onların bərpası ilə bağlı da işlərə hazırlıq görülüb, iqtisadi və maliyyə
imkanlarımız artırılıb. Bu fikir də hər zaman böyük qürur hissi ilə qeyd edilir
ki, Azərbaycan dünya hərb tarixində ilklərə imza ataraq müharibədən dərhal
sonra işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə başlayıb.
İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi,
Kəlbəcərə də həyat yenidən qayıdır. Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı
ilədək inkişafına dair Baş planı”nı təsdiq edilmişdir. Şəhərin işğala qədərki
son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi
halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki
dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati
binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi
aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da
böyük hissəsi fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış
binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə
təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin 4 məktəb, 4 uşaq bağçası, 2
xəstəxana, 1 reabilitasiya mərkəzi, İşğal və Zəfər muzeyləri, mehmanxanalar,
müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi
planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizini yaşıllıqlardan ibarət
olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları
yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan
yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu
halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək. Baş Plana
uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə
qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped
yollarından rahat şəkildə istifadə edə biləcək. Kəlbəcər şəhərində 524
ailəlik yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Birinci
mərhələdə buraya 201 ailə köçürülür. Bunun üçün kompleksdə dördmərtəbəli 6 bina
tikilib. Binaların hər birində 27 mənzil mövcuddur. Mənzillərin 54-ü ikiotaqlı,
72-si üçotaqlı və 36-sı dördotaqlıdır. Kompleksdə, həmçinin “townhouse” tipli
ikimərtəbəli 39 ev də inşa olunub. Bu evlərin hər biri üçotaqlıdır. İkinci mərhələdə
bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif
tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli
ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər
cür şərait yaradılır. Ərazidə park, istirahət guşələri, sosial-məişət
obyektləri, avtodayanacaqlar, velosiped yolları, uşaq oyun və idman
meydançaları istifadəyə veriləcək, geniş abadlıq və yaşıllaşdırma işləri
görüləcək.
Prezident İlham Əliyev 2025-ci avqustun 21-də Kəlbəcərə
səfəri zamanı buraya köçmüş 20 ailəyə mənzillərin açarlarını təqdim etdi. Bu
vaxta qədər Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülmüşdür. Dövlət başçısı,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin digər azad edilmiş ərazilərimiz kimi,
Kəlbəcər rayonuna dəfələrlə reallaşdırdığı səfərlərin hər biri Böyük Qayıdışın
sürətlənməsinə xidmət edən addımlarla zəngindir. Son beş ildə cənab İlham
Əliyevin Kəlbəcərə 7 səfəri olub.
Mehdi
Miriyev,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala rayon MKTİB-in rəisi
Digər xəbərlər



