Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub.

Təqribən
30 ilə yaxın dövr ərzində işğal altında olan torpaqlarımız öz azadlığına
qovuşduqdan sonra həmin ərazilərdə böyük quruculuq işlərinin aparılması geniş
vüsət alıb. Ölkə başçısı, cənab İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq,
düşmən əsarətindən qurtulmuş şəhər və rayonlarımızda bu gün irimiqyaslı tikinti
layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir. Yeni
mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2021-ci il 02 fevral tarixli 2469 nömrəli Sərəncamı
ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq
edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış”
Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət
Proqramı” hazırlanmışdır. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə
aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən
məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet
istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən
nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə
yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz
əksini tapmışdır.
Dövlət
Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji
inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi
potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli
Fərmanı ilə təsdiq edilmiş iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq
Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarına daxil olan ərazilər təşkil edir.
Yuxarıda qeyd edilənlərə uyğun olaraq, bu işlər ardıcıl şəkildə həyata
keçirilməkdədir. Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab
İlham Əliyev 27 may 2023-cü il tarixdə Kəlbəcər rayonuna səfər edib. Dövlət
başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma
mərasimlərində iştirak edib. Yanşaq kəndində ümumilikdə 421 ailənin
məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik
perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan
çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218
ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır.
Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i
beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq
bağçası tikiləcək. Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə
tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin
müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb.
Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin
inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı,
57-si dördotaqlı, 26-sı isə, beşotaqlı olacaq.
Burada,
həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcəkdir.
Bütün
bunlar göstərir ki, “Böyük Qayıdış” Proqramının uğurla həyata keçirilməsi üçün
bütün tədbirlər görülür və bu proses şəxsən ölkə Prezidentinin nəzarəti,
birbaşa qayğısı əsasında həyata keçirilir.
Nicat Axundzadə,
YAP Neftçala rayon təşkilatı ərazi partiya
təşkilatının sədr müavini
Neftçala şəhər 4 saylı tam orta məktəbin müəllimi
Digər xəbərlər



