Ulu Öndər Heydər Əliyevin Neftçalaya səfərindən 40 il ötür.

2019-05-30 Baxış: 1620
img

30.05.2019

"Sizin rayonunuz gəncdir. Biz razılıq hissi ilə qeyd edirik ki, cəmi 6 il ərzində rayonda çox böyük dəyişikliklər baş vermiş, sənayenin, kənd təsərrüfatının, mədəniyyətin inkişafında, zəhmətkeşlərin rifahının yüksəldilməsində böyük nəticələr əldə edilmişdir. Neftçala rayonunda işgüzar şərait, sağlam mənəvi-siyasi əhval-ruhiyyə yaranmışdır. Burada əməkçilərin və rəhbər işçilərin mədəni səviyyəsi yüksəkdir, yaxşı kadrlar yetişir." 

Neftçala rayonu haqqında bu xoş sözləri 1979-cu ilin may ayının 30-da rayonda səfərdə olan Ulu Öndər Heydər Əliyev söyləmişdir. Neftçalanın 1973-cü ildə Salyan rayonunun tərkibindən ayrılıb müstəqil rayon statusu alması 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nin birinci katibi seçilmiş dahi şəxsiyyət Heydər Əliyevin xidmətidir. Müstəqil rayon olduqdan sonra Neftçala az bir müddətdə respublikamızın ən qabaqcıl rayonlarından birinə çevrilmişdir. 

Neftçala rayonuna səfəri zamanı Ulu Öndər ilk öncə Qaraqaşlı quşçuluq fabrikinə getmiş, fəhlələrlə görüşüb söhbət etmişdir. Həmin gün rayondakı "Azərbaycan" və "1 May" kolxozlarının pambıq tarlalarında, heyvandarlıq komplekslərində, taxıl sahələrində olmuş, kolxozçularla görüşmüşdür. Daha sonra Heydər Əliyev Yeni Neftçala Yod-Brom zavodunun tikintisinə getmiş, Bankə Balıq Kombinatında istehsal prosesləri, habelə fəhlələrin iş və məişət şəraiti ilə yaxından tanış olmuş, Neftçalanı gəzmiş, şəhər əhalisinin istirahəti ilə maraqlanmışdır. 

Ümummilli lider Heydər Əliyevin 1979-cu ilin mayın 30-da Neftçala rayonuna etdiyi tarixi səfər bu gün də neftçalalıların xatirələrində ən maraqlı və yaddaqalan anlarla xatırlanır. O günlərin xoş təəsüratlarını hələ uzun müddət yaşayacağını söyləyən əhali rayonda aparılmış abadlıq-quruculuq işlərində və kənd təsərrüfatının sürətli inkişafında məhz Ulu Öndərin gərgin əməyi ilə fəxr edir və bu siyasəti xalqımızın həyat şəraitinin yaxşılaşdırılmasında irəliyə doğru atılan uğurlu bir addım heab edirlər.

Ülvi Fərzəliyev, MAYAKİNFO