Amnistiya aktı humanizm prinsiplərinə sadiqlik nümunəsidir

Prezidenti
İlham Əliyev Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə əsaslanan
siyasətini davam etdirərək “Konstitusiya və Suverenlik İli” münasibətilə
amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə
əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün
qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində
və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak
etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin
düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə
qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60
yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və
digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə
tutulur. Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və
ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə
azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad
ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.
Prezident
İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim
olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə
cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı
ehtimal edilir. Belə ki, amnistiya Aktının ümumilikdə 20 mindən çox şəxsə şamil
ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından
azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının
azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4
minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və
ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən
azad ediləcəyi proqnozlaşdırılır.
Bu
təşəbbüs həm qanunvericilik sahəsində əhəmiyyətli bir addım, həm də cəmiyyətə
qarşı humanist və ədalətli münasibətin təzahürü kimi qiymətləndirilir.
Amnistiya təşəbbüsü, əsasən, hüquqi sistemin yumşaldılması, cəmiyyətin müxtəlif
təbəqələrində barış və etimadın möhkəmləndirilməsi məqsədini daşıyır. Eyni
zamanda, bu addım Prezidentin və dövlətin vətəndaş mərkəzli siyasətinin növbəti
ifadəsi kimi çıxış edir və cəmiyyətin sosial həmrəyliyinin gücləndirilməsinə
xidmət edir. Belə təşəbbüslər həm də qanunvericilikdə çevik və insanpərvər
yanaşmanın göstəricisidir və dövlətin hüquq sisteminə inamın artırılmasına töhfə
verir.
Azərbaycanın
keçdiyi inkişaf yoluna nəzər salsaq, siyasi sistemdə təkmilləşmənin, dünyanın
qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi
olarıq. Bu, müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi
ilə sübut etdiyini təsdiqləyir. Demokratik cəmiyyətin varlığını şərtləndirən
amillərin ölkəmizdə bərqərar olunması istiqamətində atılan addımlar daim beynəlxalq
təşkilatlar, dövlətlər tərəfindən təqdir olunur. Prezident İlham Əliyev bütün
çıxışlarında bəyan edir ki, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi,
demokratikləşmə prosesinin sürətləndirilməsi, hüquqi dövlətin qurulması sadəcə
bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün
başlıca şərtdir.
Konstitusiyamızda
əksini tapan maddələrin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının
qorunmasına və müdafiəsinə xidmət edir. Ən mühüm dəyişikliklərdən biri budur
ki, dövlətin ali məqsədi yalnız insan hüquq və azadlıqlarını qorumaq deyil,
onların layiqli həyat səviyyəsini təmin etməkdir. Nüfuzlu beynəlxalq təşkilatlar
mütəmadi olaraq, dünyada demokratiya və insan hüquqları sahəsində mövcud
durumla bağlı hesabatını açıqlayır. Daim ölkəmiz həmin hesabatlarda müsbət göstəriciləri
ilə yer tutur. Dövlət başçısı İlham Əliyevin imzaladığı əfv fərmanları,
amnistiya aktları, insan hüquqlarının müdafiəsinə xidmət edən Proqramın təsdiqlənməsi,
eyni zamanda, insan hüquqları gününün təsis edilməsi buna əyani sübut kimi qeyd
olunur.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



