Prezident İlham Əliyevin tarixi təşəbbüsü - Humanist siyasətin təcəssümü

Prezident
İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan
edilməsi təşəbbüsü müasir Azərbaycan dövlətinin humanist mahiyyətini, hüquqi
düşüncə səviyyəsini və güclü siyasi iradəsini əks etdirən mühüm tarixi hadisədir.
Bu təşəbbüs yalnız hüquqi akt kimi deyil, həm də dövlətin və cəmiyyətin mənəvi
inkişaf mərhələsinin göstəricisi kimi dəyərləndirilməlidir.
Müstəqil
Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya təşəbbüsü kimi qiymətləndirilən
bu addım, dövlətin gücünü cəzanın sərtliyində deyil, ədalətin, mərhəmətin və
sosial məsuliyyətin balansında gördüyünü açıq şəkildə ortaya qoyur. Bu, artıq
öz suverenliyini tam bərpa etmiş, hüquqi sisteminə və cəmiyyətinə arxayın olan
qalib dövlətin mövqeyidir.
Amnistiyanın
məhz “Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülməsi xüsusi rəmzi
və siyasi məna daşıyır. Konstitusiya Azərbaycan dövlətinin hüquqi təməlidir, vətəndaşların
hüquq və azadlıqlarının təminatçısıdır. Suverenlik isə milli iradənin, dövlət
müstəqilliyinin və siyasi qərarvermə azadlığının ali ifadəsidir. Bu iki
anlayışın bir ideoloji çərçivədə birləşdirilməsi, Azərbaycanın artıq tam
hüquqlu, müstəqil və güclü dövlət kimi öz daxili siyasətini formalaşdırmaq
imkanına malik olduğunu nümayiş etdirir.
Belə
bir ildə elan edilən amnistiya aktı dövlətin hüquqi gücünü, öz qanunlarına və
institusional mexanizmlərinə olan inamını göstərir. Bu, hüquqi dövlət
anlayışının yalnız normativ sənədlərdə deyil, real siyasi qərarlarda təcəssüm
etməsidir.
Amnistiya
təşəbbüsü Azərbaycan dövlətinin insan amilini hər zaman prioritet tutduğunu bir
daha təsdiqləyir. Bu addım cəmiyyətə mesaj verir ki, dövlət vətəndaşını cəza
obyekti kimi deyil, islah oluna bilən, yenidən cəmiyyətə qazandırıla bilən
sosial subyekt kimi qəbul edir. Sosial ədalət anlayışı da məhz bu yanaşmadan
qaynaqlanır.
Amnistiya
nəticəsində cəza çəkməkdə olan minlərlə insanın ailələrinə qovuşması, onların cəmiyyətə
reinteqrasiyası sosial sabitliyə, ailə institutunun möhkəmlənməsinə və ictimai
münasibətlərdə humanist mühitin formalaşmasına mühüm töhfə verəcəkdir. Bu,
yalnız hüquqi deyil, eyni zamanda dərin sosial və mənəvi təsirə malik qərardır.
Prezident
İlham Əliyevin amnistiya təşəbbüsü dövlət-vətəndaş münasibətlərində qarşılıqlı
etimadın möhkəmləndirilməsinə xidmət edir. Dövlət açıq şəkildə bəyan edir ki, vətəndaşına
inanır, ona ikinci şans verməyə hazırdır. Bu isə cəmiyyətin dövlətə olan
inamını artırır, hüquqi şüurun formalaşmasına müsbət təsir göstərir.
Bu
amnistiya aktı həm də profilaktik xarakter daşıyır. Cəmiyyətə verilən mesaj
aydındır: dövlət mərhəmətlidir, lakin qanunun aliliyini qorumaqda qətiyyətlidir.
Bu balans hüquqi dövlətin əsas xüsusiyyətlərindən biridir.
Amnistiya
təşəbbüsü Azərbaycanın beynəlxalq hüquq müstəvisindəki mövqeyini də möhkəmləndirir.
Bu addım ölkəmizin insan hüquqlarına, humanitar dəyərlərə və demokratik
prinsiplərə sadiqliyini bir daha nümayiş etdirir. Xüsusilə postmünaqişə dövründə,
tam suverenliyini bərpa etmiş Azərbaycan üçün bu cür humanist qərarlar beynəlxalq
ictimaiyyətə ünvanlanan mühüm mesajdır.
Azərbaycan
sübut edir ki, güclü dövlət olmaq təkcə hərbi və siyasi güclə deyil, həm də mərhəmətli
və məsuliyyətli idarəetmə ilə ölçülür.
Nəticə
etibarilə, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə
amnistiyanın elan edilməsi təşəbbüsü müstəqil Azərbaycanın tarixində ən böyük
humanist hüquqi addımlardan biri kimi dəyərləndirilməlidir. Bu qərar güclü dövlətin
öz vətəndaşına güvəninin, hüquqi yetkinliyinin və siyasi müdrikliyinin təzahürüdür.
Bu
amnistiya aktı Azərbaycan dövlətçiliyinin humanizm fəlsəfəsinin, hüquqi dövlət
prinsipinin və sosial ədalət anlayışının parlaq nümunəsi olaraq tarixdə qalacaq
və gələcək nəsillər üçün mühüm siyasi-ideoloji miras olacaqdır.
Bayram
Xudayarov
Elm
və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin
davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü
Digər xəbərlər



