Müstəqilliyimizin ən böyük amnistiya aktı.

Azərbaycanın
inkişafının bütün mərhələlərində əfv sərəncamları və amnistiya aktları təkcə
hüquqi sənəd deyil, eyni zamanda dövlətin vətəndaşa olan etimadının, insan ləyaqətinə
verdiyi dəyərin ifadəsi kimi qəbul olunub. Bu addımlar cəzaçəkmə müəssisələrində
saxlanılan şəxslərin yenidən cəmiyyətə qazandırılması, ailə institutunun möhkəmləndirilməsi
və sosial gərginliyin azaldılması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Heydər
Əliyevin əsasını qoyduğu dövlət siyasətində humanizm ənənəsi Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Müxtəlif tarixi günlər və əlamətdar
hadisələr ərəfəsində imzalanan əfv sərəncamları, Milli Məclis tərəfindən qəbul
olunan amnistiya aktları Azərbaycanın hüquqi, demokratik və humanist dövlət
olduğunu bir daha təsdiqləyir. Bu siyasət göstərir ki, Azərbaycan dövləti üçün
insan amili hər zaman prioritetdir və humanizm prinsipi milli dövlətçilik fəlsəfəsinin
ayrılmaz hissəsi olaraq qalır. Ümumiyyətlə, müstəqillik dövründə respublikamızda
71 əfv sərəncamı və fərmanı, eləcə də 12 amnistiya aktı nəticəsində 10 minlərlə
insan azadlığa qovuşub. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə
ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də
xüsusi qeyd edilməldir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən
onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul
edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə
çevrilib.
Azərbaycan
Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə növbəti humanizm nümunəsi
ortaya qoyub. Son günlərini yaşadığımız 2025-ci il Azərbaycan tarixinin ən
parlaq, ən yaddaqalan dövrlərindən birinə çevrilib. Bu il Vətən müharibəsində əldə
edilən Zəfər nəticəsində suverenliyimizin bərpasının beşinci ildönümünü
yaşayırıq. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən
strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı
sayəsində Vətən müharibəsində qazandığımız Zəfər və lokal xarakterli antiterror
əməliyyatı nəticəsində suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin
bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi
olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan
azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin
qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini
verəcəklərinə ümid edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Qeyd edək ki, amnistiya
aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi
bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən
müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında
iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz
itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə
qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60
yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və
digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə
tutulur.
Bununla
yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət,
habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına
məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş
hissəsi azaldılacaqdır.
Azərbaycan
Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə
təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən
azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük
amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən
çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun
azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3
mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması
cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər
cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin
cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



