Prezident İlham Əliyevin Fəaliyyəti: Suveren Dövlət Quruculuğundan Qalib Azərbaycanın Zəfər Salnaməsinədək

Müstəqil Azərbaycan
dövlətinin müasir inkişaf mərhələsi bilavasitə Prezident İlham Əliyevin adı ilə
bağlıdır. Onun rəhbərliyi altında ölkəmiz siyasi, iqtisadi, hərbi və diplomatik
sahələrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, suverenliyini tam bərpa
etmiş və qalib dövlət statusunu möhkəmləndirmişdir. Prezident İlham Əliyevin fəaliyyəti
milli maraqlara söykənən, gələcəyə hesablanmış və vətəndaş rifahını mərkəzə
alan dövlət siyasəti nümunəsidir.
2024-cü il
14 fevral tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan tarixində
yeni mərhələnin başlanğıcı oldu. İlk dəfə olaraq seçkilər ölkənin bütün ərazilərində,
o cümlədən Xankəndidə keçirildi. Prezident İlham Əliyevin məhz Xankəndidə səs
verməsi böyük rəmzi və siyasi məna daşıyırdı. Dövlət başçısının qeyd etdiyi
kimi, bu səs erməni separatizminin ideoloji iflasının və Azərbaycanın
suverenliyinin tam bərpasının simvolu idi.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan BMT, Qoşulmama Hərəkatı, İƏT, ECO,
Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu beynəlxalq qurumlarda fəal mövqe
tutur. Xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan ədalətli beynəlxalq
münasibətlərin tərəfdarı kimi çıxış etmiş, inkişaf etməkdə olan ölkələrin
maraqlarını qətiyyətlə müdafiə etmişdir.
Prezident
İlham Əliyevin beynəlxalq nüfuzu onun müxtəlif dövlətlər və təşkilatlar tərəfindən
ali orden və fəxri adlarla təltif olunmasında da öz əksini tapır. Bu mükafatlar
Azərbaycan Prezidentinin qlobal siyasətdə etibarlı tərəfdaş, prinsipial lider və
sülh təşəbbüslərinin müəllifi olduğunu təsdiqləyir.
“Bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” – bu prinsip Prezident
İlham Əliyevin sosial siyasətinin əsasını təşkil edir. Əhalinin sosial müdafiəsi,
minimum əməkhaqqı və pensiyaların artırılması, şəhid ailələri və qazilərə
xüsusi qayğı, məşğulluq proqramları dövlət siyasətinin humanist mahiyyətini
ortaya qoyur.
Prezident
İlham Əliyevin həyata keçirdiyi islahatlar qısamüddətli deyil, strateji
xarakter daşıyır. Enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, qeyri-neft
sektorunun inkişafı və insan kapitalına yatırımlar gələcək nəsillərin rifahına
hesablanmış siyasətin göstəricisidir.
Azərbaycan
xalqının Zəfər yolu uzunmüddətli, sistemli və məqsədyönlü dövlət siyasətinin məntiqi
nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu yol
Birinci Qarabağ müharibəsindən sonra yaranmış reallıqların qəbul edilməməsi, məğlubiyyət
psixologiyası ilə barışmamaq və milli ləyaqətin bərpası istiqamətində atılan
ardıcıl addımların məcmusudur. Dövlət başçısının qətiyyətlə ifadə etdiyi kimi,
Azərbaycan xalqı heç vaxt işğalla barışmamış, öz torpaqlarını azad etmək üçün
siyasi, iqtisadi və hərbi gücünü səfərbər etmişdir.
Bu
prosesin əsas mərhələlərindən biri ordunun müasir standartlara uyğun qurulması,
hərbi-texniki bazanın gücləndirilməsi və peşəkar zabit korpusunun
formalaşdırılması olmuşdur. Paralel olaraq ölkə iqtisadiyyatının möhkəmləndirilməsi,
beynəlxalq nüfuzun artırılması və diplomatik mövqelərin gücləndirilməsi Zəfər
üçün zəruri geosiyasi zəmin yaratmışdır. Prezident İlham Əliyevin uzaqgörən
siyasəti nəticəsində Azərbaycan haqlı mövqeyini dünya ictimaiyyətinə qəbul
etdirmiş, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini qətiyyətlə
müdafiə etmişdir.
2020-ci
ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam
edən Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi tarixində dönüş nöqtəsi oldu.
Bu Qələbə yalnız hərbi zəfər deyil, milli iradənin, xalq–ordu–lider birliyinin
və dövlətçilik düşüncəsinin təntənəsi kimi tarixə düşdü. Azərbaycan Ordusu düşmən
üzərində parlaq Qələbə qazanaraq ərazi bütövlüyümüzü faktiki olaraq təmin etdi
və regionda yeni geosiyasi reallıqlar formalaşdırdı.
Qələbənin əbədiləşdirilməsi
dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Prezident İlham Əliyevin təşəbbüsü
ilə Qələbə ilə bağlı orden və medallar təsis olundu, Vətən müharibəsi
iştirakçılarının qəhrəmanlığı dövlət səviyyəsində yüksək qiymətləndirildi. Zəfər
Günü, Anım Günü, Qələbə paradları, memorial komplekslər və abidələr bu tarixi
nailiyyətin gələcək nəsillərə ötürülməsinə xidmət edir. Qələbə ideologiyası bu
gün Azərbaycan cəmiyyətinin mənəvi dayağına, milli kimliyinin ayrılmaz hissəsinə
çevrilmişdir.
Dövlət
Suverenliyi Gününün təsis edilməsi Prezident İlham Əliyevin dövlətçilik
strategiyasının mühüm ideoloji və siyasi addımlarından biridir. Bu əlamətdar
gün Azərbaycanın yalnız hüquqi deyil, faktiki və tam suveren dövlət kimi beynəlxalq
sistemdə mövqeyini təsdiqləyir. Uzun illər ərzində işğal faktoru səbəbindən məhdudlaşdırılmış
suveren hüquqların tam bərpası məhz Prezident İlham Əliyevin qətiyyətli siyasi
iradəsi nəticəsində mümkün olmuşdur.
Dövlət
Suverenliyi Günü Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, separatizmə
son qoyulması və ölkə ərazisində vahid konstitusion nəzarətin bərqərar edilməsi
kimi tarixi proseslərin rəmzidir. Bu gün həm də göstərir ki, Azərbaycan dövləti
öz taleyini özü müəyyən edən, heç bir xarici təzyiqi qəbul etməyən, milli
maraqlarını qətiyyətlə qoruyan müstəqil siyasi subyektdir.
Bu əlamətdar
günün qeyd olunması gənc nəsildə dövlətçilik şüurunun möhkəmləndirilməsi, vətənpərvərlik
ruhunun gücləndirilməsi və milli birliyin daha da dərinləşdirilməsi baxımından
mühüm əhəmiyyət daşıyır. Dövlət Suverenliyi Günü Azərbaycan xalqının tarixi ədalətə
qovuşmasının, uzun illər apardığı mübarizənin məntiqi nəticəsi və qalib xalqın
öz dövlətinə sahib çıxmasının rəmzidir.
Prezident
İlham Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinə uyğun olaraq bu gün yalnız təqvimdə
bir tarix deyil, müstəqil Azərbaycan dövlətinin ideoloji sütunlarından biri
kimi dəyərləndirilir. Tam suverenlik şəraitində inkişaf edən Azərbaycan bu gün
regionda söz sahibi olan, beynəlxalq aləmdə mövqeyi qəbul edilən və gələcəyə
böyük inamla baxan qüdrətli dövlətdir.
Yeni Azərbaycan
Partiyası müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində
həlledici rol oynamış aparıcı siyasi qüvvədir. Ulu Öndər Heydər Əliyevin siyasi
irsi üzərində qurulan bu partiya Prezident İlham Əliyevin sədrliyi dövründə
yeni inkişaf mərhələsinə qədəm qoymuş, zamanın çağırışlarına uyğun olaraq
institusional, ideoloji və təşkilati baxımdan daha da təkmilləşdirilmişdir.
İlham
Əliyevin Yeni Azərbaycan Partiyasına rəhbərliyi partiyanın yalnız siyasi təşkilat
kimi deyil, eyni zamanda dövlətçilik düşüncəsinin, milli maraqlara əsaslanan
siyasi mədəniyyətin daşıyıcısına çevrilməsini təmin etmişdir. Onun rəhbərliyi
altında YAP müasir siyasi texnologiyaları, çevik idarəetmə mexanizmlərini və cəmiyyətlə
effektiv ünsiyyət modelini tətbiq edərək ölkənin ictimai-siyasi həyatında
aparıcı mövqeyini qoruyub saxlamışdır.
Prezident
İlham Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyətini real həyatın tələblərinə
uyğunlaşdıraraq partiya proqramlarının sosial-iqtisadi inkişaf strategiyası ilə
vəhdətini təmin etmişdir. Sosial ədalət, güclü dövlət, vətəndaş rifahı, milli təhlükəsizlik
və davamlı inkişaf prinsipləri YAP-ın ideoloji xəttinin əsasını təşkil edir.
Partiya məhz bu prinsiplər sayəsində geniş xalq dəstəyinə malik olmuş və seçkilərdə
ardıcıl qələbələr qazanmışdır.
YAP İlham
Əliyevin sədrliyi dövründə gənclərin, qadınların və ziyalıların siyasi proseslərə
daha fəal cəlb olunması istiqamətində mühüm addımlar atmışdır. Partiya daxilində
kadr islahatları aparılmış, yeni nəslin dövlət idarəçiliyində iştirakı təşviq
edilmiş, siyasi varislik və davamlılıq təmin olunmuşdur. Bu, Yeni Azərbaycan
Partiyasını yalnız bu günün deyil, həm də gələcəyin partiyasına çevirmişdir.
Eyni
zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP dövlət–partiya münasibətlərində
sağlam balansın qorunmasına xüsusi önəm vermişdir. Partiya dövlətin strateji
kursunun ictimai-siyasi dayağı kimi çıxış edərək sabitliyin, ictimai həmrəyliyin
və milli birliyin qorunmasına töhfə vermişdir. Xüsusilə müharibə və postmünaqişə
dövründə Yeni Azərbaycan Partiyası xalq–lider birliyinin möhkəmləndirilməsində
mühüm rol oynamışdır.
İlham
Əliyevin sədrliyi altında Yeni Azərbaycan Partiyası qalib xalqın, qalib dövlətin
siyasi platformasına çevrilmişdir. Qələbə ideologiyasının, suverenlik və dövlətçilik
prinsiplərinin siyasi müstəvidə təbliği və institusionallaşdırılması YAP-ın əsas
missiyalarından biri kimi müəyyən edilmişdir. Bu baxımdan partiya müasir Azərbaycanın
siyasi tarixində sabitliyin, inkişafın və milli maraqların təminatçısı kimi
çıxış edir.
“Böyük
Qayıdış” Proqramı tarixi ədalətin bərpasıdır. Azad edilmiş torpaqlarda
genişmiqyaslı quruculuq işləri, on minlərlə insanın doğma yurduna qayıdışı Azərbaycanın
postmünaqişə dövründə nümunəvi modelini formalaşdırır. Qarabağ və Şərqi Zəngəzurda
dalğalanan Azərbaycan Bayrağı dövlətimizin əbədi suverenliyinin rəmzidir.
Prezident
İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan tarixinin ən parlaq və şanlı mərhələsini
təşkil edir. Güclü dövlət, qalib ordu, yüksələn iqtisadiyyat və milli birlik bu
siyasətin əsas nəticələridir. Azərbaycan bu gün regionun lider dövləti, beynəlxalq
aləmdə etibarlı tərəfdaş və qalib xalqın Vətənidir.
Bayram
Xudayarov
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Facebook qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü
Digər xəbərlər



