Beynəlxalq təşkilatların fəaliyyətində səmərəli iştirak

2025-12-24 Baxış: 77
img

Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər. Milli maraqlara söykənən Azərbaycanın xarici siyasət kursu nəticəsində ölkəmiz dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, öz üzərinə götürdüyü öhdəlikəri yerinə yetirir, təşkilatdaxili münasibətlərin daha da dərinləşməsinə, əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Həmçinin, Azərbaycanın üzv olduğu və rəhbərlik etdiyi təşkilatların bir sıra mühüm tədbirləri məhz ölkəmizdə keçirilib ki, bu da respublikamızın dünyadakı əhəmiyyətindən xəbər verir. Bu sahədə həyata keçirilən tədbirlər ölkənin inkişafına, xalqın rifahına, regionda sülhün, əmin-amanlığın və demokratik dəyərlərin inkişafına mühüm töhfə verir. Azərbaycan demokratik respublika olaraq, milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyevin əsas məqsədi Azərbaycan xalqını daha parlaq və firavan gələcəyə aparmaq, dövləti davamlı inkişaf etdirmək və bu çərçivədə beynəlxalq əlaqələri genişləndirməkdir.

Azərbaycan, bir çox beynəlxalq təşkilatın üzvü olmaqla yanaşı, həmin təşkilatlarda fəal iştirak edir. Xüsusilə, ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərməsi beynəlxalq arenada Azərbaycan diplomatiyasının uğurlarından biridir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə bu təşkilatın nüfuzunun artırılması, BMT səviyyəsində tədbirlərin təşkilində yaxından iştirakı, Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirib. COP29-un Azərbaycanda keçirilməsi və bunun uğurlu nəticələri də ölkəmizin beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərin bariz nümunəsidir.

Beynəlxalq təşkilatlarla münasibətlərin yaxşılaşdırılması Azərbaycanın iqtisadi, siyasi və təhlükəsizlik sahələrində mövqeyini daha da gücləndirir. Bu fakt, xüsusilə, 44 günlük Vətən Müharibəsi zamanı və sonrakı antiterror tədbirlərində bir daha özünü göstərdi. Bir çox beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəklədi və ölkəmizin qazandığı qələbəni beynəlxalq hüquq normalarına uyğun olaraq qəbul etdilər. Azərbaycan öz torpaqlarını azad etmək hüququna malik olduğunu sübut etdi və bu, beynəlxalq ictimaiyyət tərəfindən də ədalətli mövqe kimi qəbul olundu. Bununla yanaşı, bəzi beynəlxalq təşkilatlar və xarici parlamentlər ikili standartlardan çıxış edərək, Azərbaycanın haqlı tələblərinə mane olmağa çalışırlar. Lakin Azərbaycan rəhbərliyinin beynəlxalq hüquq prinsiplərinə əsaslanan mövqeyi bu cür cəhdləri uğursuz edir. Prezident İlham Əliyev beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsini prioritet vəzifə kimi qarşıya qoyur və bu istiqamətdə görülən işlər artıq real nəticələr verir. Görülən tədbirlər Azərbaycanın davamlı inkişafını, xalqın təhlükəsizliyini və rifahını təmin etmək üçün möhkəm təməl yaradır. Bu siyasət hər bir Azərbaycan vətəndaşı tərəfindən dəstəklənir və ölkənin gələcək uğurlarının təminatçısıdır.

 

Rəhim İmanov,

YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Xıllı qəsəbə 2 saylı tam orta məktəbin direktoru