Azərbaycan dünyada idman ölkəsi kimi də nüfuz sahibidir

Başa
çatmasına sayılı günlər qalan 2025-ci il Azərbaycan idmanında böyük uğurlarla
yadda qaldı. Bu il ölkəmizdə keçirilən genişmiqyaslı tədbirlər, bir çox idman
növləri üzrə çempionatlar, Qran-pri yarışları, III MDB Oyunları yüksək səviyyədə
təşkil olundu. Təsadüfi deyil ki, bu il də Azərbaycan idmançıları beynəlxalq
yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş, rekord sayda - 2000-dən çox medal
qazanılmışdır. Bölgələrdə keçirilən beynəlxalq turnirlərin yüksək səviyyədə təşkili
göstərdi ki, Azərbaycan nüfuzlu yarışları yalnız paytaxt Bakıda deyil, idman
infrastrukturu olan regionlarda da qəbul etməyə tam hazırdır. Ölkəmiz son
onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi bir
çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına ev sahibliyi
edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər
sahələrdə də irəliləyişlərə kömək edir, turizmin və mədəniyyətin inkişafına,
iqtisadi əlaqələrin genişlənməsinə fayda verir. Dövlət başçısı, Milli Olimpiya
Komitəsinin prezidenti İlham Əliyev dekabrın 26-da 2025-ci ilin idman
yekunlarına həsr olunan mərasimdə çıxış edərkən bildirdi ki, hər il olduğu
kimi, bu il də Azərbaycan idmanı üçün uğurlu il olub. Ölkə Prezidenti
vurğulayıb ki, bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək
olar. Qazanılmış uğurları təhlil edərkən Prezident İlham Əliyev
idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etdiklərini diqqətə çatdırıb: “Bu il
idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq
yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox
qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda
uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, yəqin
ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti,
əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır”.
Sağlam
həyat tərzinin təbliğ edilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev
idmanın gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynadığını diqqətə
çatdırdı. Bildirib ki, Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun
formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna rolu
var: “Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda
tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən
sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi
olsun, əbədi olsun. Əlbəttə ki, burada əsas amil cəmiyyətdə mövcud olan
ab-havadır. Bu da çox müsbətdir. Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik
göstərir və son illərin hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki
hazırlığı, mənəvi saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla
inkişaf edə bilər”.
Qeyd
olundu ki, hazırda ölkəmizdə idmanın kütləviliyini təmini və bütün bölgələrdə
mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifədir. Bu gün Azərbaycanın
bölgələrində 46 müasir Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Hətta,
işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin
və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin Baş
planında öz əksini tapmışdır. Belə ki, Ağdam şəhərində yeni, bütün beynəlxalq
standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində idman
kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq
beynəlxalq avarçəkmə yarışları təşkil edilir. Şuşa şəhərində də bir neçə idman
yarışı keçirilmişdir. Azərbaycanın büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində
inşa edilmiş Xankəndi şəhərindəki stadion da hazırda əsaslı şəkildə təmir
edilir, yenidən qurulur. Xatırladaq ki, hələ iki il bundan əvvəl Xankəndi
stadionunda tarixi futbol yarışı - Azərbaycan Kubokunun 1/8 final mərhələsi
“Qarabağ” – MOİK komandaları arasında oyun baş tutmuşdu. Prezident, Milli
Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tarixi futbol oyununun açılış mərasimində
çıxış etmiş və sonra arenaya daxil olaraq meydanın mərkəzindən ilk zərbə ilə
topu oyuna daxil etmişdir.
Yuxarıda
qeyd etdiyimiz kimi, bu il Azərbaycan növbəti böyük idman yarışına - III MDB
Oyunlarına ev sahibliyi etdi. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin
və Oyunlara qatılan daha 5 ölkənin idmançılarının 23 idman növü üzrə yarışlarda
öz məharətini göstərdiyi III MDB Oyunları uğurlarla yadda qaldı. Azərbaycan
33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc olmaqla oyunları 184 medalla başa
vurdu. Bu, Azərbaycan idmançılarının 2021-ci ildən keçirilən MDB
Oyunlarında ən uğurlu göstəricisidir. On bir gün ərzində yarışlar Gəncə, Qəbələ,
Göygöl, Mingəçevir, Xankəndi, Yevlax, Şəki də daxil olmaqla 7 şəhərdə yerləşən
12 obyektdə keçirildi ki, bu da gənc idmançıların beynəlxalq səviyyədə
hazırlanması baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyev ilin idman
yekunlarına həsr olunmuş mərasimdə dedi: “Bu ilin ölkəmizdə keçirilmiş əsas
idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox
yüksək səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki,
onlar bölgələrdə - bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir.
Təbii ki, Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə
xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki,
bizim potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri
digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata
görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi
qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış
olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda
hesabında ikinci yerə biz layiq görüldük”.
Məlum
olduğu kimi, bu il ölkəmizdə ilk dəfə UFC turniri keçirildi. UFC-nin prezidenti
Deyna Uayt iyunun 20-də Prezident İlham Əliyevlə görüşdə bu turnirə hazırlıq
işlərinin yüksək səviyyədə aparıldığını vurğulayaraq, göstərilmiş dəstəyə görə
dövlətimizin başçısına minnətdarlığını bildirmişdi. Prezident İlham Əliyev cıxışında
bildirdi ki, UFC kimi mötəbər turnirin Bakıda təşkil olunması Azərbaycanın
idman ölkəsi kimi dünyada artan nüfuzunun və potensialının daha bir göstəricisidir:
“…turnirin təşkilatçıları ilə görüşüm zamanı onlar da qeyd edirdilər ki,
Bakının bu cür inkişaf etmiş şəhər olmasını, bu dərəcədə gözəl şəhər olmasını
heç təsəvvür edə bilmirdilər, heç gözləmirdilər. Yəni minlərlə iştirakçının,
xarici qonağın iştirakı ilə keçirilən və dünya mediası tərəfindən
işıqlandırılan belə bir yarış ölkəmizin təqdimatının bir növüdür”.
Qeyd
edək ki, gələn il də ölkəmizdə nüfuzlu idman yarışlarının keçirilməsi gözlənilir.
Xüsusilə də xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunu qeyd etmək
olar. Belə ki, ölkəmiz 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və
Dünya Kubokuna ev sahibliyi edəcək. Beynəlxalq Xizək Alpinizmi Federasiyası
(İSMF) ilə əldə olunan razılığa əsasən, yarışların "Şahdağ" Turizm Mərkəzində
keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın
yarış təqviminə salınıb. Avropa çempionatının 2026-cı il martın 4-8-də, Dünya
Kubokunun isə martın 6-8-də "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə
tutulur. Dövlət başçısı bildirib ki, sözlərinə görə, qış idmanı növündə Dünya
Kubokunun keçirilməsi əlbəttə ki, böyük hadisədir: “Şahdağ Turizm Xizək Mərkəzinin
inkişafı hər il təmin edilir. Hər il biz yeni traslar, yeni xizək zolaqları
istifadəyə veririk. Əminəm ki, yaxın 1-2 ilə trasların uzunluğu 50 kilometri ötəcək,
təqribən 55 kilometr olacaq. Gələcəkdə yeni mərhələnin inkişafı ilə bağlı da məsələlərə
baxılacaq. Amma hazırda bu, bizim bölgəmizdə ən inkişaf etmiş xizək mərkəzidir
və orada mövcud olan infrastruktur, hotellərin sayı və gələcək planlar, - indi
özəl sektor tərəfindən oraya çox böyük maraq göstərilir…”.
Onu
da vurğulayaq ki, dövlət başçısının idmana və idmançılara göstərdiyi yüksək
qayğının nümunəsi kimi Prezident təqaüdünün təsis edilməsi, dövlət başçısının
göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı
idmançıları üçün aylıq təqaüd təsis edilmişdir. Hər ilin yekunlarına görə
idmançılara mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə
böyük həcmdə yardım göstərilir. Bu il də istisna olmadı. Azərbaycanda idmanın
inkişafında xidmətləri olan idmançılar və idman mütəxəssisləri
mükafatlandırıldılar. Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında
xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə bir sıra şəxslərə “Əməkdar bədən
tərbiyəsi və idman xadimi” fəxri adlarının vəsiqələrini təqdim etdi. Ölkəmizdə
idmanın inkişafında xidmətlərinə görə isə bəzi idmançılar “Tərəqqi” medalları
ilə təltif olundular. Dövlət başçısı, həmçinin 2025-ci ildə yüksək nailiyyətlər
qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə isə yeni mənzillərin orderlərini
təqdim etdi.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri



