İdman siyasətindən milli qürura: Prezident İlham Əliyevin idman strategiyasının 2025-ci il mənzərəsi

2025-12-29 Baxış: 8
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdəki çıxışı ölkədə idmanın inkişafına dair aparılan ardıcıl və məqsədyönlü dövlət siyasətinin real nəticələrini bir daha nümayiş etdirdi. Dövlət başçısının səsləndirdiyi faktlar və vurğuladığı strateji məqamlar göstərir ki, Azərbaycan idmanı artıq təkcə idman uğurları ilə deyil, milli güc, beynəlxalq nüfuz və sağlam gələcəyin təminatçısı kimi çıxış edir.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, 2025-ci ildə Azərbaycan idmançıları tərəfindən beynəlxalq yarışlarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanılıb. Bu göstərici ölkə idmanı tarixində rekord nəticə olmaqla yanaşı, idmana göstərilən diqqətin, yaradılan şəraitin və peşəkar idarəçiliyin məntiqi nəticəsidir. Keçən illərlə müqayisədə əldə olunan artım onu deməyə əsas verir ki, idmanın inkişafı Azərbaycanda təsadüfi deyil, sistemli dövlət siyasətidir.

Bu siyasətin əsas dayaqlarından biri müasir idman infrastrukturunun yaradılmasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkədə idman infrastrukturu demək olar ki, sıfırdan qurulub və hazırda ən yüksək standartlara cavab verir. Təkcə bu il Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatdırılıb. Bu isə regionlarda yaşayan gənclər üçün idmanla məşğul olmaq baxımından bərabər imkanlar deməkdir.

Dövlət başçısı xüsusi olaraq qeyd etdi ki, sağlam gənc nəsil ölkənin gələcək inkişafının əsas şərtidir. Gənclərin uşaqlıqdan idmana cəlb olunması təkcə idman nəticələrinə deyil, eyni zamanda sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Prezident İlham Əliyevin fikrincə, fiziki sağlamlıqla mənəvi saflıq və vətənpərvərlik vəhdət təşkil etməlidir. Məhz bu yanaşma gənclərin Vətən sevgisi ilə böyüməsinə, milli dəyərlərə sadiq vətəndaş kimi formalaşmasına şərait yaradır.

Çıxışda idmanın vətənpərvərlik tərbiyəsindəki rolu da xüsusi vurğulandı. Dövlət Bayrağının beynəlxalq arenalarda ucaldılması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.

 

 

 

            Aytən İmanova,

            YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.