Davamlı inkişaf edən idman siyasəti.

Dekabrın
26- da2025- ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilmişdir. Mərasimdə
Azərbaycan Respublikasının Prezidenti , Milli Olimpiya Komitəsinin prezidenti
İlham Əliyev iştirak etmiş , çıxışında söyləmişdir :
"Bizim
siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri sağlam ruhda tərbiyə etməkdir,
vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər Vətən sevgisi ilə böyüsünlər,
tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı daimi olsun, əbədi olsun. Əlbəttə
ki, burada əsas amil cəmiyyətdə mövcud olan ab-havadır. Bu da çox müsbətdir.
Bizim xalqımız böyük dərəcədə həmrəylik, vətənpərvərlik göstərir və son illərin
hadisələri bunu bir daha təsdiqləyir. Gənclərin fiziki hazırlığı, mənəvi
saflığı vəhdət təşkil etməlidir. Məhz o halda ölkə uğurla inkişaf edə bilər.
İdmanın isə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində çox böyük önəmi
var.
Hər
dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə
ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində bizim bayrağımız qalib
ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır. Əminəm ki, idmançılar da
beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss edirlər. Ölkəmizə, xalqımıza
olan münasibəti hiss edirlər və idman meydançalarına, idman arenalarına çıxarkən,
yəqin ki, təbii olaraq qürur hissi ilə çıxırlar. Eyni zamanda, bizim 5 il
bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə
artırır. Çünki onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak
edirlər.
Təbii
ki, bundan sonrakı illərdə bu siyasət davam etdiriləcək. İdmanla məşğul olan
bütün qurumlar çox sıx əlaqəli şəkildə fəaliyyət göstərirlər. Azərbaycanda ənənəvi
olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Bəziləri ənənəvi xarakter
alır, bəziləri xüsusilə çox böyük beynəlxalq idman yarışları ilk dəfə idi ki,
Azərbaycanda keçirilmişdir. Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii
ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək səviyyədə
keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi ki, onlar bölgələrdə -
bir neçə şəhərdə keçirilmişdir. Yəni bu, özlüyündə bir göstəricidir. Təbii ki,
Bakı şəhərində istənilən idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici
qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim
potensialımızı göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri
digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirilmişdir. Məndə olan məlumata
görə, bütün qonaqlar çox böyük minnətdarlıqla həm bizim qonaqpərvərliyimizi
qeyd ediblər, həm də bölgələrimizin gözəlliyi və yaradılmış şəraitlə tanış
olublar. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda
hesabında ikinci yerə biz layiq görüldük. Əlbəttə ki, bütövlükdə bu kimi tədbirlər
ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir."
Zərəngiz Abasova,
YAP
fəalı, Hacıqabul rayon Qarasu kənd tam orta ümumtəhsil məktəbinin direktoru.



